Türkiyə Silahlı Qüvvələri (TSK) bu gün səhər saatlarında növbəti dəfə PKK-nın Suriya qanadı PYD-nın Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib.
Bki-xeber.com xəbər verir ki, PYD bölgəsindən dünən axşam Türkiyə tərəfindəki Kilis Akçabağlar kəndində yerləşdirilən hərbçilərə atəş açılıb. Buna cavab olaraq Türkiyə Silahlı Qüvvələrinin Kilisdə yerləşdirilən birlikləri bölgəni artileriya atəşinə tutub, PYD nəzarətindəki Minnig aerodromu və ətrafındakı Manaras və Aynadakna bölgəsi vurulub.
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bəyan edib ki, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır: "Onlar, həmçinin, humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, Minnig aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir”.
PYD-nin həmsədri Salih Müslim isə Ankaranın tələblərini rədd edib: "Suriyalılar Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklər”.
ABŞ-dan Suriyaya zərbələr endirməyə son qoyun çağırışı
ABŞ Türkiyəni Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa çağırıb. APA-nın "Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında bildirilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.