İran Səudiyyə Ərəbistanına Suriyada yerüstü əməliyyatla bağlı xəbərdarlıq edib. İranlı general Məsud Cəzairi bildirib ki, Suriyadakı vəziyyətin şər ölkələrinin istədiyi istiqamətdə inkişafına icazə etməyəcəklər.
İranlı general Suriyada yerüstü əməliyyat keçiriləcəyi açıqlamalarını "uydurma və psixoloji müharibə" kimi dəyərləndirib: "Səudiyyə Ərəbistanı, Suriyada nə edə bilərsə bu günə qədər etdi. Riyad rəhbərliyinin yerüstü əməliyyat keçirəcək gücü yoxdur, olsaydı indiyə qədər çoxdan ordusunu Suriyaya göndərmişdi".
Çıxışında Ankaranı da günahlandıran Cezayeri, "terroristlərin Türkiyə torpaqları üzərindən Suriyaya giriş-çıxış etdiyini" və maddi olaraq "mürtəce Ərəb ölkələri" tərəfindən dəstəkləndiyini irəli sürdü.
Səudiyyə Ərəbistanının Suriyaya siyasətini qiymətləndirən İran Hərbi hava qüvvələrinin generalı Fərzad İsmaili isə Suriya rəhbərliyi istəyəcəyi halda İranın bu ölkəyə hava dəstəyi verəcəyini bəyan edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl Cubeyr CNN telekanalına müsahibəsində bildirib ki, Suriyadakı böhranın siyasi nizamlanması nəticə verməyəcəyi təqdirdə, Bəşər Əsəd güc vasitəsilə devrilə bilər.
"Mən hesab edirəm ki, Bəşər Əsəd zəifləyib və onun dövrü artıq başa çatıb”, deyə nazir bildirib. Onun sözlərinə görə, Əsədə hətta öz qoşunları belə kömək edə bilmədikdə, o, İran və İraqdan yardım istədi, lakin bu da ona ərazilərə nəzarəti bərpa etməyə kömək etmədi.
"Bundan sonra Əsəd Moskvaya müraciət etdi, lakin Rusiya da onu xilas edə bilməyəcək. Öz ölkəsinin dağıdılmasına görə məsuliyyət daşıyan insanın bu ölkədə artıq heç bir gələcəyi ola bilməz”, deyə Adel əl Cubeyr qeyd edib.
"Bəşər Əsəd gedəcək, mənim bunda heç bir şübhəm yoxdur. O, ya siyasi proses zamanı, yaxud da güc vasitəsilə devriləcək. Suriya xalqı onu hökmdar kimi qəbul etməyəcək”, deyə əl Cubeyr qeyd edib.