Rusiya liderliyində qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Suriyanın təşkilata üzvlüklə bağlı müraciət edəcəyi halda bunun dəyərləndiriləcəyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə təşkilatın baş katibi Nikolay Bordyuja Suriyanın Moskvadakı səfiri ilə Rusiyada bir araya gələndən sonra açıqlama verib. O, bildirib ki, Suriya rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaqla bağlı müraciət etməyib, lakin müraciəti olduqda buna baxılacaq: "Suriyanın KTMT-yə qoşulmaq niyyəti haqqında sözün düzü, mənim məlumatım yoxdur, mən bu barədə indi eşidirəm".
Bordyuja, üzv ölkələrin təşkilatın sərhədlərindən kənarda əməliyyatlara başlamaq qərarıni isə istisna edib. Ancaq hava əməliyyatı mövzusunda heç bir açıqlama verməyib.
Qeyd edək ki, Rusiya Federasiyası, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu sözügedən regional hərbi ittifaq 2002-ci ildə yaradılıb.
Təşkilatın razılaşmasına görə, üzv ölkələrdən birinə edilən hücum digər ölkələrə edilmiş hücum kimi qəbul edilir. Bundan başqa, bu ittifaqa üzv olan ölkələr başqa hər hansı bir hərbi ittifaq və ya ölkələr qrupuna daxil ola bilməz.
Onu da qeyd edək ki, Suriyaya ordu göndərməyə daha çox Səudiyyə Ərəbistanı can atır. Bir neçə gün əvvəl Riyad rəhbərliyi İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya əsgər göndərə biləcəyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən də Səudiyyənin bu addımını dəstəkləyən mesajlar verilir.
Türkiyənin baş nazir Əhməd Davudoğlu isə jurnalistlərin "Hələb dəhlizinin yenidən açılması üçün Türkiyə özü bir şey edəcəkmı?" sualına "Önümüzdəki günləri gözləyin, cavabını görəcəksiniz" cavabını verib.