Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XIN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveç arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, həmçinin iki ölkə arasında turizm, iqtisadiyyat və biznes sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin formatı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və bu istiqamətlərdə geniş potensialın olduğu qeyd edildi.
Nazir Elmar Məmmədyarov Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq, ATƏT-in Minsk Qrupunun üzvü olan İsveçin aktiv səylərini yüksək dəyərləndirdiyini, lakin bu günə kimi status kvonun dəyişmədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv siyasətinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırdı. Münaqişənin həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
Xanım Vallström İsveçin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini bölüşərək, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həlli dəstəklədiyini və Minsk qrupu üzvü kimi töhfəsini verməyə hazır olduğunu, həmçinin münaqişənin həlli prosesinə qadınların cəlb edilməsinin vacib olduğu bildirdi. Nazir Vallström danışıqlar prosesinin əsas iştirakçılarının həmsədrlər olduğunu, lakin münaqişənin sülh yolu həlli üçün bütün tərəflərin səy göstərməsinin faydalı olacağını bildirdi. Xanım Vallström beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında münaqişənin həllinin mümkün olduğu qeyd etdi.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” imzalanıb.
İsveçin xarici işlər naziri Marqot Vallström Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib ki, İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir. Onun sözlərinə görə, İsveç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verə bilər.
M.Vallström qeyd edib ki, E.Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini və münaqişə regionunda gərginliyin azaldılması yollarını müzakirə edib.
E.Məmmədyarov deyib ki, görüşdə, həmçinin humanitar məsələlər müzakirə edilib: "İsveç bu sahədə münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib. Nazir Vallström Dağlıq Qarabağda qadınlar arasında görüşün təşkil edilməsini təklif edib. Azərbaycan tərəfi bunu dəstəkləyib".
M.Vallströmun sözlərinə əsasən, Dağlıq Qarabağ məsələsində İsveç ATƏT-in Minsk qrupu vasitəsilə danışıqların aparılması yolu ilə siyasi nizamlanmanın zəruriliyinin tərəfdarıdır: "Biz açıq danışıqları yüksək qiymətləndiririk. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan üçün vacib məsələdir. Mən azərbaycanlı həmkarımdan İsveçin münaqişənin nizamlanması üçüm hansı rol oynaya biləcəyini soruşdum. Biz bu məsələdə iştirak etməyə hazırıq, sərhədlərin sarsılmazlığı və xalqların öz müqəddəratını təyinetmə məsələsinə sadiq qalmalıyıq. Münaqişənin nizamlanması üçün daha geniş formatda görüşün keçirilməsinə zərurət yaranarsa, Minsk qrupunun üzvü kimi bu görüşdə iştirak etməyə hazırıq".
Elmar Məmmədyarov isə bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyi aydındır - yenilənmiş Madrid prinisipləri baza sənədidir (Trend).