ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) "kölgəsi" kimi də tanınan «Stratfor» Araşdırmalar Mərkəzi İranın nüvə fəaliyyətini davam etdirməyə çalışdığını iddia edir.
Baki-xeber.com- xəbər verir ki, Mərkəz peyk görüntülərinə əsaslanaraq İranın əvvəllər nüvə fəaliyyətin aparıldığı iddia edilən ərazidə inşaat işlərinə başladığını bildirir.
Mərkəzin yaydığı təhlildə vurğulanır ki, İranın Qərblə nüvə sazişi qüvvəyə minsə də, bu, Tehranın nüvə proqramı sarıdan beynəlxalq narahatlığın bitməsi demək deyil. İran müəyyən hərbi texnologiyaları inkişaf etdirməkdədir. Ballistik raketlər də bu sıradadır və bir gün nüvə fəaliyyətində istifadə oluna bilər. Tehran, eyni zamanda, ölkədə bir sıra hərbi obyektlərdə işini gizlicə davam etdirir.
«AllSource Analysis» təşkilatındakı tərəfdaşlarımızın təqdim etdiyi peyk təsvirlərində İranın Qərblə danışıqlar boyunca nüvə proqramına ikili yanaşmasının şahidi oluruq. «Parçin» hərbi bazasında 2010-cu ilin iyulunda və 2016-cı ilin yanvarında çəkilmiş fotolar Tehranın danışıqlar gedən zaman nüvə fəaliyyətinin izlərini necə məhv etdiyi görünür. Üstəlik, kompleksin içində yeraltı obyekt tikilib ki, tədqiqat və silah hazırlama fəaliyyəti orada gizlədilə bilərdi».
«Stratfor» saytında yerləşdirdiyi həmin fotolara istinadla yazır ki, 2012-ci ildə Qərblə danışıqlar intensivləşdiyi bir vaxtda İran ərazini təmizləməyə başlayıb. Torpağın bir neçə qatı götürülüb – axı onda öncəki fəaliyyətin izləri qala bilərdi – və böyük ərazi betonlanıb. 2015-ci ilin sentyabrında isə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri yoxlamaya gəliblər. Müfəttişlər, təbii ki, «Parçin»də yeraltı obyektlərə baş çəkə bilməyiblər, ümumiyyətlə onların bu hissələrə giriş icazəsi yoxdur.
Təhlildə qeyd olunur ki, ölkənin gizli hərbi obyektləri Tehranın nüvə sazişinə uzun müddətə sadiq qalacağına kölgə salır.