Terror təşkilatı İŞİD-lə mübarizə aparmaq üçün Suriyaya ordu göndərə biləcəyini açıqlayan Səudiyyə Ərəbistanının bununla bağlı hazırlıqlara başladığı iddia edilir. Məlumata görə, Səudiyyə rəhbərliyi mart ayına qədər yerüstü əməliyyat üçün 150 minlik ordu yaratmağı planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, ABŞ-ın CNN televiziyasına danışan 2 səudiyyəli hərbçi, mart ayında koalisiya üzrə keçiriləcək çoxmillətli hərbi təlimə 150min əsgərin qatılacağını bildirib. Hərbi səlahiyyətlilər əməliyyata hazırlıq məqsədi ilə Misir, Sudan və İordaniyadan əsgərlərin Səudiyyə Ərəbistanına gəldiyini və yaxın vaxtlarda bu ölkələrə Mərakeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də qoşulacağının gözlənildiyini açıqlayıb.
Asiya ölkələrindən Malayziya, İndoneziya və Bruneyin də bu koalisiyaya qoşulacağı, ancaq bu üçlüyün ayrı bir birliyə daxil olacağı da qeyd edilir.
Bu arada İran "Suriyaya əsgər göndərməyə hazırıq” deyən Səudiyyə Ərəbistanını açıq təhdid edib. "Reuters”in yaydığı məlumata görə, Tehranın regional rəqibi Səudiyyə Ərəbistanına meydan oxuyan İran İnqilab Keşikçiləri Korpusunun rəhbərlərindən Məhəmməd əl Cəfəri Səudiyyə Ərəbistanının Suriyaya əsgər göndərməyə cəsarət edə bilməyəcəyini bildirib: "İşdir, göndərsələr onların birini də sağ buraxmarıq".
Bu sözlər, ABŞ liderliyində Suriyaya qarşı yerüstü əməliyyatda iştirak etməyə hazır olduğunu bildirən Riyad rəhbərliyinə İranın ilk reaksiyasıdır.
Əl Cəfəri "bu, səudiyyəlilər üçün intihar olar" - deyə bildirib.
Tehran Bəşər Əsəd rejimin ən yaxından dəstəkləyən ölkələrdən biridir.İran əsgərləri uzun müddətdir Suriyada rejim ordusu ilə birlikdə döyüşür.
Suriyanın xarici işlər naziri Valid Muallem isə bildirib ki, «əcnəbi əsgərlər Suriyaya daxil olsa, taxta tabutlarda geri qayıdacaqlar».
Nazir deyib ki, Suriyanın razılığı olmadan heç bir ölkə Suriyaya əsgər göndərə bilməz: «Heç kim Suriyaya hücum etməyi, ya da Suriyanın müstəqilliyinə zərbə vurmağı ağlından keçirməsin. Əgər belə olsa, onlar ölkələrinə taxta tabutlarda geri qayıdacaq. İstər səudiyyəli olsun, istər türk».
Valid Al-Muallem Cenevrədə keçirilmiş sülh danışıqlarına da toxunub. Deyib ki, Suriya danışıqlarda şərtsiz iştirak edir və heç bir şərt də qəbul etməyəcək.