Xanım Letron qeyd edir ki, 21-ci əsrdə ABŞ-da seçki prosesi dəfələrlə neqativ hallarla müşayiət olunub. 2000-ci ildə Corc Buşun qalib gəldiyi seçkilərdə Florida ştatında səslərin təkrarən sayılması heç kimin yadından çıxmayıb. Səslərin təkrar sayılması prosesinə isə qəribə də olsa, Corc Buşun qardaşı, ştatın qubernatoru Ceb başçılıq edirdi. Səslərin təkrar sayılmasından sonra Corc Buş qalib gəldi. Bir neçə gün sonra Ali məhkəmə qərarı təsdiq etdi.
Buş məsələsindən sonra ABŞ-da bir çox təşkilat seçki prosesinin şəffaflaşdırılması tələbi ilə çıxış etdi. Bununla belə, xanım Letron seçki qanunvericiliyindəki boşluqların həm demokratlara, həm də respublikaçılara sərf etdiyini yazır.
"İnsanların hər addımda siyahıya alındığı və izləndiyi bir ölkədə normal seçici siyahısı yoxdur. Ölkədə ştatlar və şəhərlər səviyyəsində 13 mindən çox seçici siyahısı var. 2012-ci ildə aparılan tədqiqatlar seçki siyahılarındakı xaosu ortaya qoydu. Hesabata görə, seçki siyahılarında dünyasını dəyişmiş 1 800 000 nəfərin adı var. 2 750 000 nəfər isə 2 və daha çox ştatda qeydiyyatdadır. 140 000 nəfərin adı eyni vaxtda 4 ştatın seçici siyahısında yer alır” deyə xanım hüquqşünas vurğulayıb.
Seçkidə iştirakla bağlı ən ciddi məqam isə şəxsiyyət vəsiqələri ilə bağlıdır. Ştatlarda bu məsələ ilə bağlı vahid tələb yoxdur. Bəzi ştatlarda səsvermədə iştirak üçün bu sənəd tələb olunmur. 2011-ci ildə qəbul edilmiş qanunla Texas ştatında yetkinlik yaşına çatmış vətəndaşın şəxsiyyət vəsiqəsi alması onun öz ixtiyarına buraxılır. Lakin seçkidə iştirak üçün bu sənədin təqdim edilməsi məcburidir. Şəxsiyyət vəsiqəsi isə baha olduğundan hamı üçün əlçatan deyil. Nəticədə qara dərililərin 21, ispan mənşəlilərin isə 18%-i seçkilərdə iştirak edə bilmir. Ştatda silah gəzdirməyə icazə verən sənədlə səs vermək mümkün olduğu halda, tələbə bileti ilə bu mümkün deyil.
Seçki siyahısında adı olmayan vətəndaşın vəziyyəti də şəxsiyyət vəsiqəsi olmayanlardan çox da fəqlənmir. Adı siyahıda olmayan şəxs səs verə bilər (Provisional Ballot – müvəqqəti səsvermə), lakin onun səsinin sayılması üçün məhkəmə qərarı olmalıdır. Hüquq müdafiəçiləri bu prosesin şəffaf olmadığını və seçki saxtakarlğına əlverişli şərait yaratdığını iddia edirlər. Prosedurun dəyişilməsi cəhdləri iflasa uğrayıb.
2008-ci ildə Cənubi Karolina ştatında keçirilən seçkilərdə 953 ölü "səsvermədə iştirak edib”. Faktın üstü 2012-ci ildə açıldıqda prokurorluq işi araşdırmaq üçün məhkəməyə göndərib. Məlum olub ki, "seçicilər” bir neçə il əvvəl vəfat ediblər. İşə xitam verilməklə yanaşı, ştatın məhkəməsi seçicilərin şəxsiyyətinin müəyyən edilməsinə dair qanun layihəsini də ləğv edib.
Xarici müşahidəçilərin seçki məntəqələrinə buraxılması ilə bağlı da qanunvericilik ştata görə dəyişir. Bəzi ştatlar əcnəbi müşahidəçiləri "seçki prosesinə müdaxilə” bəhanəsi ilə prosesi izləməyə buraxmırlar. Buna ən yaddaqalan nümunə 2012-ci ildə Ayova, Arizona, Missisipi və Texas ştatlarının ATƏT müşahidəçilərini öz ərazisinə buraxmaması oldu.
İndi isə Azərbaycan təcrübəsindən bir nümunə: Əvvəlki seçkilərdə vətəndaşların vaxtı keçmiş sovet pasportu, 9 nömrəli forma və ya şəxsiyyət vəsiqələri ilə səs verməsinə icazə verilməsinin şahidi olmuşuq. Paralel olaraq rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi üçün səyyar kampaniyalar təşkil edildi. Bu yolla kənd əhalisinin şəxsiyyəti təsdiq edən sənəd almaq üçün rayon mərkəzinə gəlməsi zərurəti də ortadan qalxdı. Bir çox halda Azərbaycan vətəndaşı səsvermə hüququnu ümumvətəndaş pasportu və hərbi biletlə də reallaşdıra bilib. Vaxtı keçmiş sənədlə səsverməyə icazə verərək Azərbaycan hökuməti bir daha öz vətəndaşının konstitusion hüququndan istifadə etməsi üçün imkan yaratdı.
Bir tərəfdə müstəqilliyini 24 il əvvəl əldə edən dövlətin həyata keçirdiyi addımlar, digər tərəfdə isə 250 illik supergücün seçki proseduruna dair faktlar. Bizcə, artıq şərhə ehtiyac yoxdur.
Mənbə: http://www.contrepoints.org/2012/08/07/92986-les-etats-unis-sont-ils-vraiment-une-democratie
http://www.lemonde.fr/elections-americaines/article/2008/10/28/le-spectre-de-la-fraude-electorale-est-de-retour-aux-etats-unis_1111842_829254.html
http://www.legrandsoir.info/etats-unis-demonstration-que-la-fraude-electorale-aux-presidentielles-est-possible.html
Secki-2015.az