Ermənistanın yeni Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Armen Qriqoryanın vəzifədən azad edilməsinə münasibət bildirib. O, Qriqoryanın istefasının necə və nə vaxt bildirilməsi ilə bağlı qiymət verməyin düzgün olmadığını deyib.
Simonyan Qriqoryanın siyasi və dövlət idarəçiliyindən kənarda qalmadığını vurğulayıb və onun gələcəkdə başqa vəzifədə dövlət xidmətinə qayıdacağına ümid etdiyini bildirib. “Armen bizim dostumuzdur. Əminəm ki, bir müddət sonra başqa statusda geri qayıdacaq və mən şəxsən bunu çox istəyirəm”, – deyə Simonyan qeyd edib.
O, Qriqoryanın vəzifədən getməsinin onun siyasi gələcəyinin başa çatması kimi qiymətləndirilməməsini istəyib və bildirib ki, onun dövlət və siyasi həyatdan tamamilə çəkildiyini düşünmək doğru deyil.
Simonyan yeni vəzifəsində Ermənistanın qonşu ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişaf etdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib. O, bəzi məsələlər barədə hələlik açıq danışa bilmədiyini də qeyd edib.
Alen Simonyanın Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycanla münasibətlərin inkişafı istiqamətində əvvəlki siyasəti davam etdirəcəyini açıqlaması fonunda, onun Armen Qriqoryandan fərqli olaraq bu istiqamətdə hansı yeni təşəbbüsləri irəli sürmək potensialı var? Simonyanın yeni vəzifəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi və tərəflər arasında etimadın artırılması istiqamətində real olaraq hansı addımları atması mümkündür və onun bu məsələdə əvvəlki katibdən fərqli nəticə ortaya qoyacağı gözlənilirmi?
Arzuxan Əlizadə: "Əsas məsələ şəxslərin dəyişməsi deyil, Ermənistanın siyasi iradəsinin davamlı olmasıdır"
AMİP lideri, deputat Arzuxan Əlizadə “Bakı-Xəbər” qəzetinə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın vəzifəsindən azad edilməsi və onun yerinə Alen Simonyanın gətirilməsi fonunda Azərbaycan-Ermənistan münasibətlərinin perspektivlərini şərh edib.
Deputatın sözlərinə görə, Alen Simonyanın yeni vəzifəsində Azərbaycanla münasibətlərin inkişaf etdiriləcəyini və sülh gündəliyinin davam etdiriləcəyini bildirməsi müəyyən mənada müsbət mesajdır. Lakin əsas məsələ şəxslərin dəyişməsi deyil, Ermənistanın Azərbaycanla münasibətlərdə siyasi iradəsinin və konkret addımlarının davamlı olmasıdır.
Arzuxan Əlizadə qeyd edib ki, Armen Qriqoryanın dövründə də Azərbaycan və Ermənistan arasında müəyyən təmaslar və danışıqlar aparılıb. Buna görə də yeni mərhələdə əsas gözlənti prosesin real nəticələrlə müşayiət olunmasıdır.
Onun fikrincə, Simonyanın potensial üstünlüyü yeni statusunda daha praktik və nəticəyönümlü yanaşma ortaya qoya bilməsidir. İlk növbədə Azərbaycanla əldə olunmuş razılaşmaların icrası, sülh sazişinin yekunlaşdırılması, qarşılıqlı etimadı artıracaq addımların atılması və iki ölkə arasında kommunikasiyaların genişləndirilməsi istiqamətində konkret təşəbbüslər gözlənilir.
Deputat, xüsusilə Ermənistan cəmiyyətində Azərbaycana münasibətdə mövcud stereotiplərin aradan qaldırılmasının, revanşist ritorikanın zəiflədilməsinin və sülh gündəliyinin Ermənistanın daxili siyasi müstəvisində də dəstəklənməsinin vacibliyini vurğulayıb.
Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan üçün əsas meyar bəyanatlar deyil, Ermənistanın real siyasi davranışıdır. Bu baxımdan Ermənistanın konstitusiyasında və digər siyasi-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin həlli, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması və əldə olunan razılaşmaların icrası mühüm əhəmiyyət daşıyır.
Deputat hesab edir ki, Alen Simonyan məhz bu istiqamətlərdə konkret nəticələr əldə edə bilsə, onun fəaliyyəti Armen Qriqoryanın dövründən fərqli yanaşma kimi qiymətləndirilə bilər. Lakin indidən Simonyanın əvvəlki katibdən daha effektiv nəticə ortaya qoyacağını söyləməsi bir arzudur.
“Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi bir şəxsin mövqeyindən daha çox, İrəvanın ümumi dövlət siyasətindən və əldə olunmuş razılaşmaların icrasına münasibətindən asılıdır. Simonyanın qarşısında əsas vəzifə əvvəlki siyasəti sadəcə davam etdirmək deyil, onu real sülh, etimad və regional əməkdaşlıq nəticələrinə çevirməkdir. Əgər o, bu istiqamətdə konkret addımlar ata bilsə, yeni vəzifəsinin Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılmasına töhfə verməsi mümkündür”, – deyə Arzuxan Əlizadə bildirib.
Akif NƏSİRLİ