"Azərbaycan dəyərli tərəfdaşdır; iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri vəimkanları barədə ortaq baxışlar mövcuddur. Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək". Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib. D. Norman qeyd edib ki, Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar. "İqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir. Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək"-deyə səfir bildirib.
İradə SARIYEVA