Züriyə Qarayeva: “TRIPP yalnız nəqliyyat layihəsi deyil, geosiyasi maraqların kəsişdiyi mexanizmdir”
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan bildirib ki, Ermənistan və İran arasında TRIPP proqramı ilə bağlı qarşılıqlı anlaşma mövcuddur.
Onun sözlərinə görə, ABŞ-İran münasibətlərindəki gərginliyin TRIPP layihəsinin icrasına mane olacağı gözlənilmir. Xandanyan İran və ABŞ arasında sülhün əldə olunmasında Ermənistanın da maraqlı olduğunu vurğulayıb.
Deputat TRIPP çərçivəsində dəmir yolu layihəsinin gündəlikdə olduğunu, hazırda marşrutun keçəcəyi ərazidə araşdırmaların və texniki-iqtisadi əsaslandırmanın aparıldığını bildirib. Onun sözlərinə görə, tədqiqatlar başa çatdıqdan sonra tikinti işlərinə başlanması nəzərdə tutulur və hazırda layihənin qarşısında siyasi maneə görmür.
Ermənistanla İran arasında TRIPP proqramı üzrə qarşılıqlı anlaşmanın olması və İrəvanın layihənin icrası üçün texniki hazırlıqlara başladığını açıqlaması, eyni zamanda ABŞ-İran münasibətlərində gərginliyin davam etməsi fonunda TRIPP-in reallaşmasına hansı risklər yaradır və bu layihə Azərbaycan, İran və regionun geosiyasi maraqları baxımından hansı nəticələrə səbəb ola bilər?
Politoloq Züriyə Qarayeva “Bakı-Xəbər” qəzetinə açıqlamasında Ermənistanın TRIPP layihəsi üzrə İranla qarşılıqlı anlaşmanın mövcudluğunu və layihənin texniki-iqtisadi əsaslandırılması istiqamətində işlərin aparıldığını açıqlamasının İrəvanın layihəni siyasi konsepsiyadan praktiki icra mərhələsinə keçirməyə çalışdığını göstərdiyini bildirib.
Politoloqun sözlərinə görə, ABŞ–İran münasibətlərində davam edən gərginlik TRIPP üçün müəyyən geosiyasi risklər yaradır. Çünki layihənin ABŞ-ın siyasi və iqtisadi iştirakı ilə həyata keçirilməsi İranın öz sərhədlərinə yaxın ərazidə Vaşinqtonun uzunmüddətli mövcudluğu ilə bağlı narahatlığını artıra bilər.
Züriyə Qarayeva qeyd edib ki, Ermənistanın qarşısında duran əsas vəzifələrdən biri Tehrana TRIPP-in İrana qarşı yönəlmiş təhlükəsizlik infrastrukturu deyil, regional nəqliyyat və iqtisadi inteqrasiya layihəsi olduğunu göstərməkdir. Onun fikrincə, İranın layihəyə prinsipial etiraz etməməsi mühüm amildir. Lakin ABŞ–İran qarşıdurmasının daha da kəskinləşməsi Tehranın mövqeyinin sərtləşməsinə və TRIPP-in icra mexanizmlərinə əlavə siyasi məhdudiyyətlərin yaranmasına səbəb ola bilər.
Politoloq Azərbaycan baxımından TRIPP-in reallaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, layihənin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat bağlantısının yaradılmasına, eyni zamanda Azərbaycanın Şərq–Qərb tranzit xəttində rolunun daha da güclənməsinə imkan verə bilər.
Ekspertin fikrincə, İran üçün əsas məsələ TRIPP-in onun Ermənistanla sərhədindəki mövqeyinə və regional tranzit əhəmiyyətinə mənfi təsir göstərməməsidir. Buna görə də Tehran prosesdən kənarda qalmaq əvəzinə öz maraqlarının nəzərə alınmasına çalışacaq.
“Layihə həyata keçirilərsə, Azərbaycan–Ermənistan normallaşmasının iqtisadi dayaqları güclənə, Türkiyə–Azərbaycan–Mərkəzi Asiya bağlantısı genişlənə və Cənubi Qafqazın tranzit xəritəsi əhəmiyyətli şəkildə dəyişə bilər”, – deyə Züriyə Qarayeva bildirib.
Politoloq hesab edir ki, TRIPP-i yalnız dəmir yolu və kommunikasiya layihəsi kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, layihə ABŞ, İran, Azərbaycan, Ermənistan, Türkiyə və digər regional aktorların maraqlarının kəsişdiyi geosiyasi mexanizmə çevrilir.
Ekspertin qənaətinə görə, TRIPP-in gələcək uğuru əsasən bu maraqlar arasında balansın nə dərəcədə qorunacağından asılı olacaq.
Dəniz NƏSİRLİ