Mətləb Salahov: “İlham Əliyevin Zəngəzur dəhlizi, habelə İran və Ermənistanla əlaqələrə dair fikirləri bölgədə yeni inteqrasiya üçün mühüm mesajdır”
“Azərbaycan Prezidentinin Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibə olduqca aktual mövzularla zəngindir. Xüsusilə qonşu İran və Ermənistanla iqtisadi və enerji əlaqələri barədə dövlət başçısının dedikləri bölgənin inkişafı üçün yeni səhifənin açıldığını, xüsusilə Azərbaycanın bu regional inteqrasiyadan və logisitika hərəkətliliyindən qazanacağı imkanlara aydınlıq gətirir. Cənab Prezdentin müsahibədə səsləndirdiyi fikirlər bölgəmizdə yeni inteqrasiya və iqtisadi aktivliyin sürətlənəcəyinə dair mühüm mesajdır”. Bu fikirləri "Bakı Xəbər"ə açıqlamasında jurnalist-araşdırmaçı Mətləb Salahov bildirib. O qeyd edib ki, dövlət başçısının "Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq" mesajı rəsmi Bakının qətiyyətli mövqeyinin növbəti nümayişi, habelə milli mənafelər üçün son dərəcə istəkli mövqeyinin növbəti dəfə nümayşidir.
SİTAT: “Bu, olduqca önəmli mesajdır. Azərbaycanın əsas hissəsinin dəmiryol vasitəsi ilə Naxçıvana birləşdirilməsi bütün zamanlar üçün ən aktual dövlət maraqıdır. Üstəlik, Prezident İlham Əliyevin “vaxt itirmək lazım deyil” mesajı Zəngəzur istiqamətində Azərbaycanın yanaşmasının mühüm xüsusiyyətini göstərir. Azərbaycan bu layihənin reallaşmasını yalnız digər tərəflərin qərarlarından asılı olan proses kimi nəzərdən keçirmir. Naxçıvan dəmir yolunun reabilitasiyası üçün Azərbaycanın öz vəsaiti hesabına işləri həyata keçirməyə hazır olması dövlətin layihəyə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu yanaşma eyni zamanda Azərbaycanın maliyyə və infrastruktur imkanlarının əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. Ölkə böyük infrastruktur layihələrini maliyyələşdirmək və həyata keçirmək imkanına malikdir. Bu isə strateji layihələrin reallaşmasında xarici maliyyə mənbələrindən asılılığı azaltmaqla yanaşı, qərarvermə prosesində Azərbaycanın mövqeyini də gücləndirir. Məncə çox qısa zamanda, qarşıdakı payız aylarında bizi bölgənin inkişafı baxımından və həm İranla, həm də Ermənistanla inteqrasiya baxımından mühüm yeniliklər gözləyr”.
Afət Tahirqızı