Rusiya ilə Ukrayna arasında müharibə yenidən şiddətlənib. Rusiya tez-tez Ukraynanın paytaxtı Kiyevi hədəfə alır, Ukrayna isə Rusiya ərazilərinə hücumlarını davam etdirir.
Bu arada, Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatlarına istinadən Rusiyada yerləşdirilən Şimali Koreya əsgərlərinin sayı 50 minə çatacağını bildirib.
Rusiyanın hücumlarının artması fonunda ölkədə hava hücumundan müdafiə sistemlərinin çatışmazlığına diqqət çəkən Ukrayna lideri, Cənubi Koreyadan dəstək istəyib və əlavə edib ki, "biz həmçinin PUA müqavilələri və digər sahələrdə əməkdaşlıq etməyə hazırıq". O bildirib ki, Ukrayna diplomatları potensial razılaşmalar üçün Seulla "əlaqədədirlər".
Zelenski Şimali Koreyanın müasir müharibədə təcrübə qazanacağını və Rusiyadan hərbi texnologiya əldə edə biləcəyini bildirib. Şimali Koreya raketlərinin Kiyevdə yerləşdiyini bildirən Zelenski deyib: "Şimali Koreyanın müasir müharibə təcrübəsini inkişaf etdirməyə, Rusiyadan lisenziyalar almağa və onlardan hər cür hərbi texnika almağa davam edəcəyi tamamilə aydındır".
Ukrayna hərbi kəşfiyyat rəsmiləri isə bildiribləri ki, Şimali Koreyanın raket bölməsi Rusiyanın qərbinə şəxsi heyət və avadanlıq yerləşdirməyə başlayıb və bölmə Ukraynaya hücumlar üçün 120 ballistik raket və altı buraxılış qurğusu ilə təchiz oluna bilər.
2024-cü ildə Şimali Koreya Ukrayna qüvvələrinin işğalına qarşı Moskvaya kömək etmək üçün Rusiyanın Kursk bölgəsinə təxminən 14 min əsgər göndərib. Kurskdakı döyüşlərdə minlərlə Şimali Koreya əsgəri yaralanıb və öldürülüb.
Ukrayna və müstəqil mənbələrə görə, Şimali Koreya Rusiyaya milyonlarla artilleriya və minaatan mərmisi, ballistik raketlər, uzaqmənzilli artilleriya sistemləri və çoxmənzilli raket sistemləri tədarük edib.
Tahir TAĞIYEV