Ukrayna Türkiyədən 70 ədəd ATACMS ballistik raketi, 12 ədəd M270 MLRS çoxməqsədli raket sistemi, 2000-dən çox kasetli sursat və 47.000 artilleriya mərmisi daxil olmaqla böyük miqdarda Amerika silahı alacaq.
ABŞ Dövlət Departamentinin məlumatına görə, silahların təhvil verilməsinin avqustun sonlarında başlaması gözlənilir. İlkin alış qiymətinə əsasən əməliyyatın dəyəri təxminən 280 milyon dollardır.
Paketə təxminən 165 km mənzilli Amerika taktiki ballistik raketinin daha əvvəlki versiyası olan M39 ATACMS raketləri daxildir. Çatdırılmanı Türkiyənin MKE, ASFAT və ARCA Savunma, Bolqarıstanın VTIC International, və ABŞ-da yerləşən Pansophico və Patriot Defense Group da daxil olmaqla bir neçə özəl şirkət təşkil edəcək.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Türkiyə mövcud sistemlərin modernləşdirilməsi və saxlanılmasına maliyyə resursları ayırmaq üçün köhnəlmiş silah ehtiyatlarını azaltmaq niyyətindədir. Bu arada, Ukrayna hücum və müdafiə dəstəyi qabiliyyətlərini gücləndirməyi hədəfləyir. Vaşinqton isə razılaşmanın ABŞ-ın təhlükəsizlik siyasəti məqsədlərinə uyğun olduğunu bildirib.
Amerika silahlarının Türkiyə vasitəsilə Ukraynaya daşınması təkrar ixrac proseduru çərçivəsində mümkün olub. ABŞ Silah İxracına Nəzarət Qanununa əsasən, əgər köçürmənin ilkin dəyəri 14 milyon dolları keçərsə, Konqres Amerika silahları ilə bağlı bu cür müqavilələri nəzərdən keçirməlidir. Əgər Konqres iki həftə ərzində təkrar ixracı qadağan edən birgə qətnamə qəbul etməsə, köçürmə avtomatik olaraq təsdiqlənəcək.
Ukrayna ilk M39 ATACMS raketlərini 2023-cü ilin payızında Bayden administrasiyasından alıb. 2024-cü ilin yazında Vaşinqton Kiyevi 300 km-ə qədər mənzilli raketlərin daha inkişaf etmiş versiyaları ilə təchiz etməyə başlayıb. Əvvəlcə Ukraynaya ATACMS-dən yalnız işğal olunmuş ərazilərdəki hədəflərə qarşı istifadə etməyə icazə verilsə də, 2024-cü ilin noyabr ayında ABŞ bu raketlərlə Rusiyadakı hədəflərə zərbələr endirməyə icazə verib.
"The Kyiv Independent" qəzetinin məlumatına görə, Ukrayna son bir ildə ATACMS-dən cəmi bir neçə dəfə istifadə edib, çünki bu raketlərin ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Bu arada, ABŞ-ın özü İranla müharibədən bəri ATACMS çatışmazlığı ilə üzləşib.
Tahir TAĞIYEV