"Bir il əvvəl Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evda qəbul edərək və onların tarixi Birgə Bəyannamənin imzalamasına şahid olmaqla Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi".
Bu barədə ABŞ dövlət katibi Marko Rubionun 8 avqust 2026-cı ildə Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilir.
Onun sözlərinə görə, bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu və TRIPP layihəsinə start verdi. Rubio qeyd edib ki, son 12 ay ərzində ABŞ əldə edilən razılaşmaları praktik nəticələrə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb: “Dəmir yolları, avtomobil, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal nəqliyyat marşrutu olan TRIPP, Ermənistanda dəmir yolu ilə bağlı mühəndis-axtarış işlərinə artıq başlanılması, Azərbaycanın Ermənistana birləşəcək avtomobil və dəmir yollarının tikintisini başa çatdırmağa yaxınlaşması ilə reallığa çevrilir.
Dövlət katibi vurğulayıb ki, sülhün bərqərar olması ABŞ, Ermənistan və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün şərait yaradıb və bu, hər üç ölkənin iqtisadi inkişafına töhfə verəcək: “Bu gün məmnuniyyətlə elan edirəm ki, yeni seçilmiş direktorlar şurası tərəfindən idarə olunan və Cənubi Qafqaz və Orta Asiyada Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektora investisiyaların təşviq edilməsi üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyələşdirməsi ilə kapitallaşdırılan Transxəzər Sahibkarlıq Fondu fəaliyyətə başlayıb...
Bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. TRIPP infrastruktur layihəsindən daha böyük əhəmiyyət daşıyır. Bu, Transxəzər Ticarət Marşrutunun mühüm həlqəsi, ABŞ və digər ölkələr üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyini göstərən bir modeldir”.
O, ABŞ-ın əldə olunmuş razılaşmaları daha da möhkəmləndirmək məqsədilə Ermənistan və Azərbaycanla əməkdaşlığa sadiq qaldığını bildirib.
“Hər iki xalqı son bir ildə nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik və Cənubi Qafqazda möhkəm və davamlı sülhə doğru irəliləyişlər gözləyirik” – deyə Rubio bildirib.
Tahir TAĞIYEV