8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb və ölkə qarşısında istifadə edilməli olan perspektivlər açıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş üçtərəfli zirvə görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətdə bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb.
“8 avqust 2025-ci ilədək dövlətimiz dalanda idi, 8 avqustdan sonra isə qarşımızda sonsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz bizim kollektiv iradəmizdən asılıdır”, – deyə Baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Vaşinqton Sülh Sammitinin mühüm nəticələrindən biri “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsidir.
"Bu layihə nəinki yaxın gələcəkdə Ermənistanın blokadasına son qoyacaq, nəinki Ermənistan və region iqtisadiyyatının əsasını təşkil edəcək, həm də Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, yol, qonşu kimi qəbul etməyə başlamasına kömək edəcək. Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək", - o qeyd edib.