ABŞ kəşfiyyatına görə, Rusiya prezidenti Putin Ukraynadakı durğunluğu aradan qaldırmaq və NATO-nu parçalamaq üçün bu payız bir alyansı üzvünə qarşı məhdud hücum başlada bilər.
“Wall Street Journal” ABŞ kəşfiyyat hesabatlarına istinadən yazır ki, Vaşinqtonda və Avropa paytaxtlarında Rusiyanın NATO üçün yaratdığı təhdid səviyyəsinin dəyərləndirilməsi kökündən dəyişib. Əvvəllər Moskvanın Ukraynadakı müharibəyə diqqət yetirmək üçün NATO ölkəsinə hücum ehtimalını "aşağı" hesab edən ABŞ rəsmiləri indi xəbərdarlıq ediblər ki, yeni kəşfiyyat məlumatları Putinin Alyansın qətiyyətini sınamaq üçün hərəkətə keçə biləcəyini göstərir.
Kəşfiyyat məlumatlarına görə, Rusiyanın bu payızla 2029-cu il arasında hibrid müharibə konsepsiyası, kiberhücumlar və ya sərhəd bölgələrini birbaşa hədəf alan məhdud quru əməliyyatı ilə NATO ölkəsini təhrik edə bilər. Hücumun əsas hədəfində isə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin effektivliyini sınamaq və ABŞ ilə Avropa müttəfiqləri arasında nifaq salmaq, bununla da Alyansı parçalamaq olacaq.
Xüsusilə Baltikyanı ölkələr və Polşanın birbaşa təhlükə altında olduğuna diqqət çəkilir və Kremlin Baltikyanı bölgədəki vacib infrastruktur obyektlərinə zərbə endirmək üçün Ukrayna istehsalı olan dronlardan istifadə edərək "saxta bayraq" əməliyyatları keçirə biləcəyi ehtimalı dəyərləndirilir.
Kəşfiyyat məlumatlara görə, bu dəyişikliyə Rusiya qüvvələrinin cəbhə xəttində yavaş irəliləməsi, ağır itkilər verməsi və Kiyevin dron hücumlarıilə Rusiyanın enerji infrastrukturuna ağır ziyan vurması təsir göstərib. Putinin daxili auditoriyaya təqdim etmək üçün yeni bir "qələbə" axtarışının Moskvanı daha təhlükəli addımlar atmağa sövq edə biləcəyi ehtimal edilir.
Digər tərəfdən, bu xəbərlər ABŞ-ın Yaxın Şərqdəki böhranlar və Ukraynaya göndərişlər səbəbindən uzun və qısa mənzilli raket ehtiyatlarında (ATACMS, Stinger, Patriot və THAAD) ciddi sursat çatışmazlığı yaşadığı bir dövrə təsadüf edir.
Tahir TAĞIYEV