Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkədəki kütləvi elektrik kəsintisinin milyarder və "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili tərəfindən Enguri Su Elektrik Stansiyası tunellərində yaradılan mədən ferması ilə əlaqəli olduğunu iddia edib. "Dünənki elektrik kəsintisi birbaşa İvanişvilinin Enguri Su Elektrik Stansiyası tunellərindəki mədən ferması ilə bağlıdır. Temperatur yüksələn kimi ferma bağlanır və elektrik enerjisini kəsir", - Saakaşvili sosial mediada yazıb. Keçmiş prezidentin sözlərinə görə, artan tariflər əslində mədənçiliyin maliyyələşdirilməsinə töhfə verir və fermanın özü Tbilisidən daha çox elektrik enerjisi istehlak edir. O, həmçinin bildirib ki, obyektin Enguri Su Elektrik Stansiyasının tunellərində yerləşdirilməsi texniki cəhətdən qəbuledilməzdir və elektrik kəsintilərinə səbəb olub. Gürcüstanın Milli Enerji və Su Təchizatı Komissiyası bildirib ki, elektrik kəsintisinə avadanlığın planlaşdırılmış sınaqdan keçirilməsi səbəb olub. "Dünənki sınaq nəticəsində təcili avtomatik idarəetmə sistemi işə salınıb və bu da Enquri Su Elektrik Stansiyasının generatorlarının əsas elektrik şəbəkəsindən ayrılmasına səbəb olub. Nasazlıq aparılan iş zamanı müəyyən edilib. Hazırda avtomatik idarəetmə sistemindəki xətanı düzəltmək üçün işlər davam etdirilir"- Komissiya bildirib.
Qeyd edək ki, əvvəl Gürcüstanda son iki həftə ərzində üçüncü böyük elektrik kəsintisinin baş verdiyi bildirilmişdi.
SAMİRƏ