Elşad Həsənov: “Tramp sanki bununla istəmir ki, Rusiya ilə bütün körpüləri yandırsın”
Ağ Evdə Volodimir Zelenski ilə görüşü zamanı ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" sistemləri üçün əlavə tutucu raketlərin verilməsindən imtina edib. Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Tramp bu qərarını ABŞ-ın özündə sözügedən raketlərin ehtiyatlarının məhdud olması ilə izah edib. O vurğulayıb ki, İranla müharibə fonunda bu raketlər Yaxın Şərqdəki Amerika obyektlərinin və Fars körfəzi ölkələrindəki müttəfiq hərbi bazaların mühafizəsi üçün vacibdir.
Bundan əvvəl Tramp "Patriot" sistemlərinin Ukraynada istehsalına razılıq vermədi. İndi də tutucu raketlərin verilməsindən imtina edib. Baxmayaraq ki, bu ilin ilk yarısında Ukraynaya Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raket tədarükü 2025-ci illə müqayisədə üç dəfə azalıb. Bütün bunlarda Trampın məqsədi nədir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Zelenskinin Trampla son görüşü çox isti keçdi: “Halbuki, Zelenskinin Trampla ilk görüşündə çox gərgin atmosferdə keçmişdi. Tramp açıq publika qarşısında tənqid edərək onu diktator adlandırmışdı. Bircə o qalmışdı ki, Zelenskini kabinetdən qovsun. Ancaq bu dəfə Zelenskinin qarşılanması fərqli oldu. Çünki Ukrayna ordusu Rusiyaya güclü zərbələr endirir. Rusiyanın neftayırma zavodlarının üçdə ikisini sıradan çıxarıb. Nəticədə Rusiyada çox ciddi yanacaq qıtlığı yaranıb. İşğal altında olan Krım demək olar təcrid olunub və Rusiyada narazılıqlar başlayıb. Ancaq nədənsə Tramp Ukraynanı "Patriot" raketləri ilə təmin etmir. Bəzi məlumatlara görə, ABŞ-ın özündə bu raketlərin sayı azalıb. Ancaq Pentaqon bunu təkzib edir. Üstəlik, İranla müharibə başlayandan sonra ABŞ-da "Patriot" raketlərin istehsalının artırılması ilə bağlı qərar verilib. Hətta zavodlar 2-3 növbəli iş rejiminə keçiblər. Lakin bütün bunlara baxmayaraq, Ukraynaya bu sistemlər verilmədi. Üstəlik, Tramp bəyan etdi ki, "Patriot" raketlərin Ukraynada istehsalı ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid yarada bilər. Bunu onunla əlaqələndirdi ki, raketin texnoloji sirləri Rusiyanın əlinə keçə bilər. Tramp sanki bununla istəmir ki, Rusiya ilə bütün körpüləri yandırsın. Ola bilsin müharibədən sonra Rusiyanın bəzi təbii resurslarının hasil olunmasında pay almaq istəyir. Ya da Rusiyanın nüvə silahına əl ata biləcəyindən ehtiyat edirlər. Bu da ola bilər ki, müharibəni uzatmaqla Rusiyanı tükəndirmək və zəif duruma salmaq istəyirlər. O üzdən, Trampın nəyə görə belə mövqe sərgiləməsinə birmənalı cavab vermək çətindir”.
Vidadi ORDAHALLI