Slovakiya deyib ki, Avropa İttifaqının miqrantların məskunlaşması sxemini qəbul edərkən Suriyadan yalnız xristian qaçqınları qəbul etməyə razılıq verəcək, müsəlman miqrantları qəbul etməyəcək. Ölkə hakimiyyəti bildirir ki, Suriyadan yalnız xristian və ateist olan qaçqınlar qəbul ediləcək.
Daxili İşlər Nazirliyinin nümayəndəsi İvan Metik qərarı izah edərkən deyir ki, müsəlman qaçıqınlar Slovakiyada özlərini evdəki kimi hiss etməyəcəklər.
Avropa İttifaqının planlarına əsasən Slovakiya Türkiyə, İtaliya və Yunanıstandakı qaçqın düşərgələrindəki 40 min qaçqından 200-nü qəbul etməlidir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınları qəbul edərkən ayriseçkiliyə yol verməməyə səsləyib. Slovakiyanın qərarında müsəlman miqrantlara qarşı ayriseçkiliyə yol verildiyi açıq-aşkar ortadadır.
Baxmayaraq ki, Slovakiya DİN nümayəndəsi bunu başqa cür izah etməyə çalışır. O, bu hərəkətin ayrıseçkilikdən doğmadığını söyləyib və bildirib ki, burada icmaların uyğunlaşması məqamı əsas götürülüb: "Biz Avropaya miqrantlar probleminin həllində səmimi kömək etmək istəyirik. Lakin qaçqınlar üçün biz yalnız tranzit ölkəsiyik. Onlar bizdə qalıb yaşamaq istəmirlər. Biz 800 müsəlman da qəbul edə bilərdik, lakin ölkədə bir dənə də olsun məscid yoxdu. Bəs müsəlmanlar necə inteqrasiya olunmalıdırlar, bura onların xoşuna gəlməyə də bilər?!"
O da maraqlıdır ki, Avropa İttifaqının sözçüsü Annika Breithard Slovakiyadan gələn konkret bəyanatı şərh etmək istəməyib, lakin deyib ki, miqrantların qəbulu prosesi diskriminasiyasız olaraq nəzərdə tutulub.
Bu il artıq 240 min miqrant Aralıq dənizindən keçərək Avropa sahillərinə gəlib. İyul ayında Avropa sərhədlərindəki miqrantların sayı rekord həddə - 107 min 500 nəfərə çatıb.