Beyin mərkəzi NATO və Rusiyanın son təlimlərinin gərginliyi artırdığını, Avropada təhlükəsizliyə hədə olduğunu bildirib.
«The Moscow Times» yazır ki, Rusiya ötən ilin martında Krımı anneksiya edəndə, Avropanın təhlükəsizlik arxitekturası tamamilə zərbə altında qaldı. O vaxtdan rusiyapərəsət separatçılar Ukraynanın şərqində böyük ərazilərdə sabitsizlik yaradıblar.
Müəllif yazır ki, Rusiyanın beynəlxalq sərhədləri pozması Avropada təhlükəsizlik ab-havası yaradıb və NATO da bu səbəbdən son aylar regionda təlimlər keçirir. Baltik ölkələri özlərinə birbaşa hədə hiss etsələr də, NATO şərq üzvlərinin ərazisində qüvvə yerləşdirmək fikrində deyil, NATO üzvlərinin əksəriyyəti də müdafiəyə daha çox xərcləmək niyyətindən uzaqdır. Rusiya isə NATO-nu qıcıqlandırmaqdadır. Dəfələrlə NATO üzvlərinin hava məkanına girib.
«Bir il öncə Estoniya təhlükəsizlik zabiti Eston Kohverin oğurlanması isə Rusiyanın NATO-nun kiçik üzvlərini ayaqlamağa hazır olduğunu göstərir», - yazan müəllif Polşa və Baltik ölkələrinin Rusiyaya böyük təhlükə kimi baxdığını qeyd edir.
«Ukrayna Rusiya və Avropa Birliyi arasında dəyərlər yarışmasına çevrildi. Hərbi təlimlər, müdafiəni gücləndirmək qərarına baxmayaraq, NATO belə bir yarışmaya tamamilə hazırlıqsızdır», - müəllif yazır və bunu 28 üzvünün fərqli mövqeyi ilə izah edir.
Rusiyanın eston zabiti Eston Kohver-ə 15 il cəza kəsməsinə toxunan «The Wall Street Journal»isə yazır ki, Estoniya təhlükəsizlik xidməti Rusiya agentlərini yaxşıca izləyir, mütəşəkkil cinayətkarlığın izinə düşür. Kreml Baltik ölkələrinə demək istəyir ki, istənilən vaxt cəzalandırıla bilərlər.
«NATO-nun oğurlanma hadisəsinə dişsiz reaksiyası bu mesajı daha da gücləndirir. Alyans güclü diplomatik reaksiya göstərə bilmədi. Məsələn, Moskvadan səfirləri geri çağıra bilərdi, yaxud vahid bəyanat ortaya qoya bilərdi. NATO Rusiyanın hücum səviyyəsinə çatmayan provokasiyalarına cavab vermək prinsiplərini hazırlamayıb. Cənab Putin isə bu boşluqdan illərdir yararlanıb və Estoniyanı favoriti seçib».
Müəllif yazır ki, Putin hiyləgər və sinik strateqdir, zəif nöqtələri tapıb faydalanır. NATO-nun Kohverin oğurlanmasına cavab verməməsi Rusiya tərəfdən daha çox provokasiyaya yol aça bilər.