Rusiyada edilən bir araşdırmaya görə, Cənubi Qafqazın ən sabit ölkəsi Azərbaycandır. Bu barədə Rusiyanın "Minchenko Consulting” kommunikasiya holdinqinin "'Cənubi Qafqazda siyasi risqlərin qiymətləndirilməsi” məruzəsində deyilir
Baki-xeber.com xəbər verir ki, hesabatda Ukrayna böhranının, Cənubi Qafqaz da daxil olmaqla post-sovet coğrafiyasındakı bütün ölkələrə mənfi təsir etdiyi bildirilir. SSRİ-nin dağılmasının ardından Qafqazda 6 silahlı qarşıdurmanın yaşandığını xatırladan rus mütəxəssislərin diqqət çəkdikləri ən əhəmiyyətli nöqtə bu oldu: "SSRİ-dən sonra bu coğrafiyada yalnız Qafqazda qonşu ölkələr arasında diplomatik əlaqələr kurulmadı. Məsələn, Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Ermənistan -Türkiyə”.
Türkiyə və İran...
Mütəxəssislərə görə, bölgədə illərdir həllini gözləyən qarşıdurmalara yeni risqlər də əlavə olunur. Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin artması, Gürcüstanın Avropa-Atlantika məkana inteqrasiya meylləri, İŞİD-in ortaya çıxması ilə keçmiş SSRİ sərhədindən cənuba doğru xaosun artması kimi prpseslər Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirir.
Türkiyədəki qeyri-müəyyən siyasi vəziyyət də Cənubi Qafqaza təsir edir. Hesabatda, "Ərəb Baharı”nın təsirli olduğu ölkələrdə müşahidə edilən qeyri-sabitliyin Türkiyəyə də sıçraması risqi olduğuna diqqət çəkilir.
İranın isə "yenidənqurma” prosesinin qurbanı ola biləcəyi, ölkədə ciddi ideoloji dəyişikliyə görə, daxili qarışıqlığın yaşana biləcəyi və İranın gələcəyinin Qafqaz baxımından həlledici faktorlar arasında olduğu qeyd edilir.
Ən güclü iqtisadiyyata sahib ölkə - Azərbaycan
Hesabata görə, Cənubi Qafqazdakı üç ölkə arasında ən güclü iqtisadiyyata sahib ölkə Azərbaycandır. Məruzə müəllifləri Azərbaycanı regionun ən sabit dövləti adlandırıb: "Region ölkələri arasında risqlərin ən aşağı səviyyəsi Azərbaycan üçün xarakterikdir. Məhz Azərbaycan Zaqafqaziyanın ən güclü iqtisadiyyatı olan dövlət olmaqla xarici investorları cəlb etməklə yanaşı, siyasi cəhətdən də sabit ölkədir. Uzun əsrlərdir davam edən xarici siyasəti – ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrinin maraqları arasında tarazlığı qorumaq qabiliyyəti Bakının ən böyük "kozırı”dır”.
Məruzədə qeyd edilir ki, Azərbaycanda mövcud hakimiyyətin mövqeyi möhkəm görünür, ciddi daxili siyasi rəqabət ilə qarşılaşmır və risklərə daha davamlıdır.
Məruzədə bildirilir ki, bələdiyyə seçkiləri zamanı (2014-cü il dekabr) hakim "Yeni Azərbaycan” partiyasının ödənişsiz efir müddətindən imtina etməsi çox diqqətəlayiq haldır.
Gürcüstanda ciddi siyasi risqlər mövcuddur
Koalisiya hökumətindəki partiyalar arasında yaşanan çəkişmə Gürcüstanı təhlükəyə sürükləyir, ölkədə çox ciddi siyasi risqlər mövcuddur. Digər tərəfdən Gürcüstanın Qərbə meyllənmə səyləri isə bu gün üçün konkret nəticələr vermir.
Abxaziya, Cənubi Osetiya problemləri və Tiflisin xarici siyasət kursu da Gürcüstanın gələcəyini risq altında saxlayan amillərdir.
Ermənistan - Cənubi Qafqazın ən qeyri-sabit ölkəsi
Hesabatda iyun ayında etirazlara səhnə olan Ermənistan isə Cənubi Qafqazın ən qeyri-sabit ölkəsi kimi qiymətləndirilir. Dörd sərhəd qonşusundan Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistan, Gürcüstan və İran sərhədlərində isə beynəlxalq siyasi proseslərin təsiri altındadır. Bu vəziyyət xarici investorların qarşısında böyük maneələr yaradır və ölkədəki yoxsulluğu artırır.
"Tarif problemi əhəmiyyətli risklərlə dolub daşan ümumi daxili və xarici siyasi kontekstin yalnız bir hissəsidir” deyə hesabatda bildirilir.
Məruzədə qeyd olunur ki, İrəvanın Moskvadan aldığı təhlükəsizlik zəmanəti və iqtisadi dəstək bir tərəfdən, status-kvonu təmin etsə də, digər tərəfdən ölkənin rusiyalı biznes nəhənglərindən asılılığını artırır: "Onların Ermənistanın hakim strukturları ilə sıx əlaqəsi, öz növbəsində, prezidentin və hökumətin siyasəti ilə bağlı narazılığın eyniləşdirilməsi ilə nəticələnə bilər”.