Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının əsas qayəsi, missiyası bizdən əvvəl gələnlərin, qəhrəmanlıq tariximizdə əhəmiyyətli yeri olanların adlarını və xatirələrini əbədiləşdirməkdir. 30 ildən artıqdır ki, Xatirə Kitabı "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" devizini rəhbər tutaraq bu müqəddəs missiyanı davam etdirir. İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında ensiklopedik materialları özündə əks etdirən kitablar nəşr edir.
"Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi də bu qayəni özündə ifadə edən nəşrlərdir. İkinci Dünya müharibəsində həlak olanların unudulmaması, yaddaşlarda qalması üçün sözügedən nəşrlərin və bu qəbildən olan kitabların əhəmiyyəti danılmazdır.
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildinin təqdimatını keçirdi.
Mayın 14-də baş tutan təqdimat mərasimində Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, əmək və müharibə veteranları, tanınmış ziyalılar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində təmsil olunan şəxslər, rayon təşkilatı sədrləri, Nəzakət Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri iştirak edirdi.
Təqdimat mərasimini Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini İmran Əhmədov açdı. Əvvəlcə dövlət himnimiz səsləndi, sonra isə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olmuş insanların, vəfat etmiş müharibə veteranlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İmran Əhmədov çıxışında Respublika Xatirə Kitabı Redaksiyası barədə məlumat verdi və Nəzakət Məmmədovanın rəhbərliyi ilə araya-ərsəyə gələn kitablardan, filimlərdən danışdı. "Hazırda Xatirə Kitabının 17-ci cildinin təddimatına yığışmışıq. İkinci Dünya müharibəsində iştirak edən insanların qəhrəmanlığı unudulmazdır. Onların nəvə-nəticələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərdilər, torpaqlarımızı işğaldan azad etdilər. Bu kitablar davamlı olaraq nəşr olunacaq. Bu kitablar bizdə də var və biz onları qonaqlarımıza təqdim edəcəyik ki, bizim qəhrəmanlıq tariximizlə tanış olsunlar".
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında rəhbərlik etdiyi redaksiyanın gördüyü işlərdən, redaksiyanın missiyasından danışdı. O, vurğuladı ki, 1993-cü ildə Heydər Əliyev Vətən uğrunda canından keçən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərar imzaladı. "İkinci Dünya müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi üçün bütün respublikalara göstərişlər verildi və ümumi 1400 cilddə kitab nışr olunmalı idi ki, bunun da 20 cildi Azərbaycanın payına düşdü. Heydər Əliyevin göstərişi ilə Xatirə Kitabının yaradılması üçün indiki Azərbaycan Milli Ensiklopediyasında bir şöbə yaradıldı. O şöbədə bu istiqamətdə ilk axtarışlar başladı. İkinci Dünya müharibəsi Avropanın müxtəlif yerlərindən keçib. Azərbaycanlıların harada izləri vardısa həmin ölkələrə rəsmi sorğular, məktublar göndərildi. Dəfələrlə Moskvaya müraciət olundu. Xatirə Kitabının birinci cildi 1997-ci ildə kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ildə latın qrafikasına keçməyimiz səbəbindən bu kitab latın əlifbası ilə təkrar çap olundu. Bu günə kimi 16 cildi çıxıb. Bu gün sizə təqdim olunan Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib. Çox çalışmışıq ki, heç kəsin adı kənarda qalmasın. Ən şərəfli ölüm şəhidlərimizə nəsib olub. Onlar olmasaydı bizim gələcəyimizin də olmasına inanmıram. Bundan sonra redaksiya ikinci böyük bir işə imza atdı..."
N.Məmmədova qeyd etdi ki, "Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildində Böyük Vətən müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb.
"Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabında isə faşizm üzərində qələbənin 80 illiyi geniş təqdim olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında ensiklopedik materiallar dərc edilir.
Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.
Redaksiyanın hazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir".
Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.
Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Redaksiyanın hazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub.
Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır".
N.Məmmədova Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının və xatirəsinin əbədiləşdirilməsi üçün 10 cildliyin hazırlanmasına başlanılıb. N.Məmmədova bildirdi ki, Birinci Qarabağ müharibəsində şəhid olan insanlarla bağlı geniş araşdırmalar aparılır və məlumatların daha dolğun olması üçün ictimaiyyətin də, veteranların da, şəhid ailələrinin də dəstəyinə ehtiyac var. "İkinci Qarabağ müharibəsində Birinci Qarabağ müharibəsində şəhid olan oğul və qızlarımızın qanını yerdə qoymadı. Biz Birinci Qarabağ müharibəsinə həsr olunan on cildliyin birinci cildi üzərində mühüm işlər aparılır. Mən sizlərə müraciət edirəm, Birinci Qarabağ müharibəsində şəhid olanlar barədə kimdəsə dəqiq məlumatlar, şəkillər varsa onları Respublika Xatirə Kitabı Redaksiyasına yönədin. Bu bizə çox lazımdır".
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev çıxışında qeyd etdi ki, Xatirə Kitabı Redaksiyasının kollektivi Vətən uğrunda həlak olanların axtarışı ilə məşğul olan və qanı, canı ilə təpədən-dırnağa vətənpərvərlik işinə bağlı olan insanlardır: "Bu redaksiyanın kollektivi doğrudan da çox kiçik büdcə ilə gecələrini gündüzlərinə qataraq bu işləri həyata keçirirlər. Xatirə Kitabının cildlərində 1941-1945-ci il müharibəsində döyüşmüş, qəhrəmancasına həlak olmuş, eyni zamanda sağ qayıtmış veteranlarımızın da adları əks olunub. Bu həm bizim tariximizdir, həm də gələcəyimizdir. O nöqteyi-nəzərdən bu insanların adının bu kitabda əbədiləşdirilməsi, onlara layiq olduqları haqqın veriməsi böyük vətənpərvərlik işidir. Gənc ömürlərini dövlətin, vətənin çağırışına həsr edən, qəhrəmancasına döyüşən, yaşayan insanlar, doğrudan da əbədiləşməyə layiqdirlər..."
Əməkdar həkim, Tibb Universitetin dosenti, Birinci Qarabağ müharibəsi veteranı Taryel Eyvazov qeyd etdi ki, Azərbaycan xalqının qəhrəman oğulları və qızları həm İkinci Dünya müharibəsində, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar və hər birinin adlarının əbədiləşdirilməsi təqdirəlayiqdir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sabunçu təşkilatının sədri Sabir Allahverdiyev çıxışında bildirdi ki, onun atası da İkinci Dünya müharibəsində iştirak edib və o, zaman-zaman veteranlarla ünsiyyətdə olub və onların qəhrəmanlıqlarını dillərindən eşidib.
Təqdimat mərasimində vurğulandı ki, İkinci Dünya müharibəsində iştirak edən hər bir azərbaycanlı xalqımızın qəhrəmanlıq örnəklərini o müharibədə də nümayiş etdiriblər, Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə faşizm üzərində qələbə qazanılmasında mühüm rol oynayıb.
Tədbirin sonunda "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi veteranlara təqdim olundu.
İradə SARIYEVA