ABŞ və Almaniya Türkiyədəki Patriot raketlərini geri çəkmək qərarını Suriya prezidenti Bəşər Əsədlə razılaşdırıb. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Türkiyə hərbi hava qüvvələrinin təqaüdçü generalı Ərdoğan Karakuş çıxış edib
Onun sözlərinə görə, Türkiyədəki Patriotları geri çəkmək qərarı Qərb tərəfindən Bəşər Əsədlə razılaşdırılıb.
Ərdoğan Karakuş Patriot raketlərinin Kürəcikdəki raketdən müdafiə sistemini və ABŞ-ın Türkiyədəki birliklərini qorumaq məqsədilə yerləşdirildiyini bildirib: "İndi ABŞ və NATO Əsədlə yavaş-yavaş razılaşmağa doğru gedir. Bu vəziyyətdə Suriyadan hər hansı bir raket hücumuna qarşı Patriotların qalmasına ehtiyac olmadığı düşünülür. Bu, Qərbin Əsədlə razılaşmış olduğunu göstərir. Artıq Əsəd tərəfindən Suriyadan hər hansı bir hava hücumu gözlənmədiyi, bu səbəbdən də Patriotlara ehtiyac qalmadığı bildirilir".
Karakuş NATO tərəfindən Patriot raketlərinin Suriyadan Türkiyəyə raket təhdidinə qarşı yerləşdirildiyinin açıqlandığını xatırladaraq, Patriotların çəkilməsilə Türkiyəyə ABŞ tərəfindən "Əsədi təhlükə kimi görmürük, oradan raket hücumu gözlənilmir. Biz onsuz da İŞİD-ə qarşı əməkdaşlıq edirik. Bizim üçün əsas təhdid İŞİD-dir, onların da uzunmənzilli raketləri olmadığı üçün Patriotları geri çəkirik” mesajı verildiyini deyir.
Təqaüdçü general Almaniyanın isə Türkiyənin PKK-ya qarşı hava hücumundan sonra "PKK-nın Almaniyada əlaqələri var. Oradakı Patriotları geri çəkək və torpaqlarımızda terror təhlükəsi olmasın” düşüncəsilə hərəkət etmiş ola biləcəyini deyir.