Türkiyədə parlamentdəki yerlərin əksəriyyətini qazanmış hakim AKP-nin yeni koalision hökumət qurmaq üçün müxalif partiyalarla danışıqları uğursuzluqla nəticələndi. İyunun 7-də keçirilmiş seçkilərdən sonra dörd partiyanın təxminən 5 həftədir keçirdiyi görüşlərdən müsbət nəticə əldə edilmədi.
Indi qardaş ölkənin erkən seçkilərə gedib-getməyəcəyi ətrafinda müzakirələr başlayıb.
Hökumət qurmaq üçün 45 günlük müddət ayın 23-də bitir. Bu tarixə qədər hökumət qurulmasa və parlament erkən seçki qərarı verməsə, Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətlərindən istifadə edəcək. Onu da bildirək ki, hakim partiya erkən seçki üçün parlamentin fövqəladə iclasını çağırmayacağını bildirir.
Bu halda prezident Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya uygun olaraq iki variantdan birini seçməlidir.
Bunlardan birincisi seçkilərin yenilənməsi qərarıdır. Ərdoğan belə bir qərar versə, 90 gündən sonrakı ilk bazar günü Türkiyə sandıq başına getməlidir. Bu ehtimal reallaşsa, müvəqqəti Nazirlər Kabineti Ərdoğanın baş nazir kimi görəvləndirəcəyi bir millət vəkili tərəfindən yaradılacaq. Bu vəziyyətdə ədalət, daxili işlər və nəqliyyat nazirləri baş nazir tərəfindən təyin olunacaq, digərləri isə partiyaların üzv sayına görə təyin olunacaq.
Konstitusiyaya görə Ərdoğan ikinci variantı seçsə, parlament bir millət vəkilinə hökuməti qurması üçün səlahiyyət verəcək. Bu vəkil yaradacağı kabinet üzvlərinin siyahısını Ərdoğana təqdim edəcək. Ərdoğan kabinet üzvlərinin Məclisin də dəstəyini ala biləcəyi qənaətinə gəlsə, bu variantı seçə bilər.
Baş nazir Əhməd Davutoğlu MHP lideri Dövlət Baxçalı ilə görüşdən sonra bildirib ki, hazırkı vəziyyət koalisiyanın yaradılmasını mümkünsüz edir və o, yaranmış situasiyanı partiyanın səlahiyyətli orqanı və prezident Ərdoğanla müzakirə edəcək. Davutoğlu qeyd edib ki, lazım gələrsə hökumətin təşkili mandatını da prezidentə qaytaracaq.
Bildirilir ki, bu halda Ərdoğan müxalif CHP-yə müraciət etməli olacaq. CHP də buna razıdır. Partiyadan bildirilib ki, yeni hökuməti qurmağa hazırdırlar.