şənbə günü, 20 iyun 2026
     

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birinci xanıma Memorial barədə məlumat verdi.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.

Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.

Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir.

“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.

İkinci Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi.

Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu.

Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq - həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.

Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.

Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.

Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam.

Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.

Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın.

X X X

Sonra çıxış edən Nərgiz Mahmudova dedi:

-Möhtərəm cənab Prezidentimiz.

Hörmətli tədbir iştirakçıları.

Sizi salamlayıram. Mən də o faciəni 9 yaşımda yaşamışam. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə qəddar ermənilər tərəfindən Xocalı faciəsi törədildi. Həmin vaxt mən ailəmizlə birlikdə evimizdə idik. Atışma baş verən zaman biz kəndin kənarında olduğumuza görə kəndin ortasına gəldik. Dörd bir tərəfdən mühasirəyə alınmışdıq. Biz yol tapa bilmirdik. Üz tutduq meşəyə. Qarqarçay var, oradan keçdik meşəyə, günlərlə meşədə ac-susuz, ayaqyalın, başıaçıq gəzdik, amma yol tapa bilmirdik.

Bir neçə gündən sonra orada atamın bacısı, qardaşımın həyat yoldaşı şəhid oldular. Sonra biz dumanlı, çiskinli havada bilmədən gedib erməni postunun üstünə çıxdıq. Bizi orada mühasirəyə aldılar. Erməni cəlladlar əllərində avtomat yaxınlaşdılar, əmr etdilər ki, əllərinizi qaldırın. Mən qorxudan əlimi qaldıra bilmədim. O gəldi, mənim əllərimi avtomatla qaldırdı. Atam onlara nə qədər yalvardı ki, bu qadınları buraxın getsin, məni aparın öldürün. Onlar ona baxmadılar. Bizi apardılar, tövləyə yığdılar. Biz gördük ki, xocalılılardan orada əsirlər var, bizdən əvvəl də əsir götürüblər. Bizim ən ağır, ən pis günlərimiz elə həmin vaxtdan sonra başladı. Yəni orada olan əsirlərə, öz xocalılılarımıza olmazın işgəncələr verdilər, atamı gözümün qarşısında döyməkləri, dişlərini çəkməkləri – bu, doqquz yaşlı körpənin gözü qarşısında olub. Bu, günlərlə belə davam edəndən sonra biz dəyişdirildik, bizi Ağdama gətirdilər. Orada bizə ilkin tibbi yardım göstəriləndən sonra bizi Bakıya gətirdilər, üç aydan artıq xəstəxanada yatdıq. Donvurma nəticəsində ailə üzvümüzdən beş nəfərin ayağı kəsildi, ikinci qrup əlilik. Mənim atamla anamın ayağının yarası bu günə qədər də sağalmayıb.

Cənab Prezident, bizim burada olmağımızın əsl səbəbi Sizsiniz. Sizə və ailə üzvlərinizə öz dərin təşəkkürümü bildirirəm. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Diqqətiniz üçün çox sağ olun.

X X X

Çıxış edən Anar Əbdülov dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Hər birinizi doğma Xocalımdan qürurla salamlayıram.

Həmin gecə, həmin gün Xocalını tərk edərkən mənim də 9 yaşım var idi. Ailə üzvlərimizlə Xocalını tərk etdik və insanlar Ağdama doğru bir ümid işığı ilə yollandılar. Lakin insanlar qarşıda onları nələrin gözlədiyini bilmirdilər. Erməni cəlladlar Xocalı sakinlərinə amansız divan tutdular. Ağdamda olduğumuz müddətdə atam hələ də gəlməmişdi, 5 gün meşədə qalmışdı. Beş gündən sonra atam çox acınacaqlı bir vəziyyətdə gəldi. Atam həmin dövrdə Ağdamda olan Azərbaycan Milli Ordusunun əsgərləri tərəfindən tapılıb gətirilmişdi. Atam, anam və mən bir müddət Bərdədə, babamgildə qaldıqdan sonra Bakıya aparıldıq və orada məskunlaşdırıldıq. Bundan sonra bizim ağır, məşəqqətli məcburi köçkünlük həyatımız başladı.

Həmin dövrlərdə təbii ki, ozamankı hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Xocalı soyqırımına layiqli qiymət verilməmişdi. Təhsildən kənar qalmışdıq. Bakıda Xocalı 2 saylı tam orta məktəbi çətinliklərlə fəaliyyət göstərməyə başladı. Orada təhsilimi davam etdirdim, başa vurdum, ali məktəbə qəbul oldum və oxuduğum məktəbə yenidən müəllim kimi qayıdıb fəaliyyətimi davam etdirdim. Həmin ağır illərdə bütün Xocalı sakinləri kimi, bizim ailəmiz də məşəqqətli günlər yaşayırdı və həmin dövrdəki hakim dairələr Xocalı soyqırımına layiq olan qiyməti vermirdi. Lakin məhz Ulu Öndərimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Xocalı soyqırımına layiqli siyasi qiyməti verdi. Bundan sonra biz dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss etməyə başladıq. Məhz həmin dövrdən sonra Xocalı soyqırımı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Leyla xanımın başçılığı altında bütün dünya ölkələrinə tanıdılmağa başladı və bu da bizi çox sevindirirdi ki, artıq Xocalı həqiqətləri dünya dövlətləri tərəfindən tanınmağa başlayıb. Sevindirici haldır ki, bu gün də dünyanın bir çox ölkələri Xocalı soyqırımını, Xocalı həqiqətlərini tanımaqdadır.

Cənab Prezident, Sizin fəaliyyətiniz nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda bu gün canlanma baş verir. Bu gün azad olunmuş torpaqlara insanlar “Böyük Qayıdış” Proqramı əsasında qayıdırlar və biz də öz doğma Xocalımıza qayıtmışıq. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, mən bu torpaqlara atamla dönməyi arzu edirdim, lakin bu, qismət olmadı. Təəssüf ki, atamın timsalında Xocalı, Vətən həsrəti ilə dünyasını dəyişmiş bir çox insanlar bu torpaqlara qayıda bilmədilər. Lakin buna baxmayaraq, biz buradayıq, biz qayıtmışıq, biz dünyasını dəyişmiş həmin insanların yurdlarına, ata yurdumuza qayıtmışıq və onların sönmüş ocaqlarını alovlandırmaqdayıq. Mən də Sizin “Böyük Qayıdış” Proqramınız əsasında 2025-ci ilin aprel ayında doğma yurduma – Xocalıma qayıtdım və öz sevimli peşəmi - müəllimlik sənətimi burada, öz doğma məktəbimdə yenidən davam etdirirəm.

Biz xocalılılar Sizə böyük minnətdarlığımızı bildiririk. Bu hissləri, bu qüruru bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Müqəddəs Ramazan ayında Uca Yaradandan Sizə ailə üzvlərinizlə birlikdə uzun ömür, cansağlığı arzulayıram. Diqqətiniz üçün təşəkkür edirəm.

X X X

Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova dedi:

-Əziz Prezidentimiz, hörmətli tədbir iştirakçıları. Hamınızı ürəkdən salamlayıram - ailəmiz adından, öz adımdan və şəhid ailələri adından. Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdiyim üçün çox sevinirəm, qürur hissi duyuram. Çox sağ olun ki, dəvət etmisiniz, bu sevinci bizə yaşadırsınız.

Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir.

Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – “Milli Qəhrəman” adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə “Milli Qəhrəman” adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu.

Bir də onu demək istəyirəm ki, hansı bir ölkədə elə bir şey varmı ki, müharibə olanda həmin ölkənin cavan oğlanları növbəyə dursun. Bax, Azərbaycan elə oldu. Bu, Sizin səmimi çıxışınız əsasında oldu. Mənim oğlumun hərbi xidmət üçün yaşı çox idi, düşmürdü, özü getdi, dedi ki, dayımın qisasını alacağam. Hazırda veterandır. Çox sağ olun, Sizə çox təşəkkür edirəm.

Adı kimi mehriban, əziz Mehriban xanımımız, Birinci vitse-prezidentimiz, televizorda izləyirik, Siz şəhid ailələrini həmişə yad edirsiniz, onların balalarına dayaq olursunuz, çox sağ olun.

Gözəl qızım Leyla xanım ayın əvvəlində Gəncə səfərinə gələndə bizim qonağımız oldu. Biz çox sevindik, ailəmiz çox sevindi. İnanın ki, sevincimizin həddi-hüdudu yox idi. Biz Leyla xanımdan çox xahiş etdik ki, bizim sevincimizi, təşəkkürümüzü Prezidentimizə çatdırsın. Amma Leyla xanım mənə dedi ki, biz sizi görüşdürərik, özünüz təşəkkür edərsiniz. Bu sevinci bizə yaşatdınız, çox sağ olun, Leyla xanım, çox təşəkkür edirəm, var olasınız.

Mən həmişə inanırdım, bilirdim ki, torpaqlarımızın hamısı Sizin sayənizdə azad ediləcək. Amma Xankəndinin, illər öncə verilmiş bir torpağın azad edildiyini eşidəndə daha çox sevindim. 44 günlük müharibədə uşaqlarımız Prezidentə qəhrəmancasına dəstək oldu, əziz Prezidentimiz qalib oldu. Heç bir yerdə belə şey yoxdur.

Biz buraya dünən gəlmişik. İki il bundan qabaq da gəlmişdik, Natiqin döyüşdüyü kilsəyə getmişdik. İki il ərzində gör nə gözəl binalar tikilib, dünəndən gəzirik. Çox sağ olun, təşəkkür edirik. Bu sevinci bizə, dövlətimizə, millətimizə, şəhid ailələrinə yaşatdınız.

Xocalılılarla səmimi söhbət edirik, Allah razı olsun Sizdən, çox sağ olun. Necə təşəkkür edim ki, mənim qardaşıma bu cür dəyər verdiniz. Bir dənə də xahişim var ki, mənim qardaşımın da, - bilirəm bunu üçün çalışırsınız, - nəşi tapılsın, biz də şəhid ailələri kimi ziyarətə gedək. 30 ildən çox vaxt keçib, bizim ziyarət etməyə yerimiz yoxdur. Təkcə onu arzulayırıq, ayrı bir təmənnamız yoxdur.

Çox sağ olun, hamınıza təşəkkür edirəm. Öpürəm sizi Leyla xanım, Allah Sizdən razı olsun, var olasınız. Çox təşəkkür edirəm.

X X X

Çıxışlardan sonra xatirə şəkilləri çəkdirildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ