Ermənistan qarşıdan gələn parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına (Aİ) müraciət edib. Ermənistan mediası yazır ki, bu xahişi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yazılı şəkildə Brüsselə göndərib.
Daha əvvəl parlament seçkiləri zamanı Rusiyadan gələn dezinformasiyanın aşkar edilməsi və ona qarşı mübarizədə hakimiyyətə dəstək məqsədilə Moldovaya təxminən 20 nəfərdən ibarət analoji missiya göndərilmişdi. Aİ və Moldova hakimiyyəti layihəni uğurlu hesab edib və indi iyun seçkiləri ərəfəsində Ermənistan üçün də analoji təşəbbüs planlaşdırılır. Bu fonda "Azatutyun" radiosu Ermənistan xidməti mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı iyun ayında keçiriləcək parlament seçkiləri zamanı Rusiyanın mümkün müdaxiləsinin qarşısını almaq üçün Ermənistana həqiqətən çevik hibrid reaksiya qrupu göndərməyi planlaşdırır. Nəşrin məlumatına görə, bu, "dezinformasiya və hibrid təhdidlərə" qarşı mübarizədə ixtisaslaşmış bir qrupdur. Nəşr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə ünvanladığı məktubda İrəvana belə bir missiya göndərilməsini istədiyini də təsdiq edib. Qeyd olunur ki, Aİ-nin Ermənistana yeni yardımı Rusiyanın qeyri-sabitlik yaradan fəaliyyətlərinin azaldılmasına yönələcək və missiyanın fəaliyyəti seçki prosesinin bütövlüyünün qorunması da daxil olmaqla hibrid təhdidlərə yönələcək. Nəşr bildirib ki, tərəflər missiyanı 4 may tarixinə planlaşdırılan Ermənistan-Aİ sammitindən əvvəl başlatmağı hədəfləyirlər. 2025-ci ilin dekabr ayının əvvəlində Aİ-nin xarici siyasət üzrə mütəxəssisi Kaya Kallas, Avropa ittifaqının Ermənistana ölkənin dayanıqlığını gücləndirmək və sülh layihələrinə dəstək vermək üçün 15 milyon avro ayıracağını açıqlamışdı. Kallas həmçinin vurğulamışdı ki, seçkilərdən əvvəl Ermənistan əvvəllər Moldovada müşahidə edilənlərə bənzər şəkildə Rusiya ilə əlaqəli dezinformasiya kampaniyaları ilə üzləşir.
Tahir TAĞIYEV