Prezidentin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, idarəetmədə əsas problem təkcə struktur deyil, həm də insan amilidir. Kadr dəyişiklikləri zəruridir, lakin bu dəyişikliklərin real nəticə verməsi üçün seçilən şəxslər peşəkar olmaqla yanaşı, etik, dürüst və məsuliyyətli olmalıdırlar. Təcrübə göstərir ki, bəzən yeni təyin olunan kadrlar ilk mərhələdə düzgün işləsələr də, müəyyən müddətdən sonra köhnə vərdişlərə qayıdırlar. Bu isə nəzarət mexanizmlərinin zəifliyindən və cəzasızlıq mühitindən qaynaqlanır.
Struktur islahatları ilə yanaşı dürüst və vicdanlı kadrların formalaşması üçün əsas prinsip sistemin insanı dəyişməsinə yox, insanın sistemi sağlamlaşdırmasına şərait yaratmaqdır. Kadr seçimi yalnız bilik və təcrübə üzərində deyil, eyni zamanda mənəvi keyfiyyətlər üzərində qurulmalıdır. Bir şəxsin əvvəlki fəaliyyəti, davranışı, qərarvermə tərzi və cəmiyyətdə qazandığı etimad onun gələcək fəaliyyətinin ən real göstəricisidir.
Təyinatdan sonra nəzarət zəifləməməlidir. Məmur bilməlidir ki, onun işi mütəmadi şəkildə qiymətləndirilir və bu qiymətləndirmə formal yox, konkret nəticələrə əsaslanır. Şəffaf hesabatlılıq və real cavabdehlik mexanizmləri olmadıqda “bir müddət düzgün işləyib sonra köhnə vərdişlərə qayıtmaq” qaçılmaz olur.
İctimai nəzarət də real mexanizmə çevrilməlidir. Vətəndaş müraciətləri, media tənqidi və ictimai rəy nəzərə alınmadıqda məmur özünü toxunulmaz hiss edir. Əksinə, cəmiyyətin diqqətini daim üzərində hiss edən vəzifəli şəxs daha məsuliyyətli davranır. Bununla yanaşı uzun müddət eyni vəzifədə qalmanın qarşısını alan sağlam rotasiya sistemi tətbiq edilməli, heç bir post şəxsi mülkə çevrilməməlidir.
Dürüst kadrın sistemdə qalması üçün mühit də dürüst olmalıdır. Yuxarı rəhbərlik etik davranışı şəxsi nümunə ilə göstərmədikcə aşağı səviyyədə vicdanlı idarəçilik mümkün deyil. Vicdanla işləyən məmur qorunmalı, dəyərləndirilməli, qanunu pozanlar isə vaxtında məsuliyyətə cəlb olunmalıdır. Yalnız bu halda struktur islahatları real məzmun qazanar və insan amili islahatların zəif deyil, güclü bəndinə çevrilər.
Akif NƏSİRLİ