Məhəmməd Əsədullazadə: “Bu, Azərbaycana verilən xüsusi önəmin göstəricisidir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə ABŞ nümayəndə heyətini qəbul edib. ABŞ-dan gələn nümayəndə heyətində ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı senator, Nümayəndələr Palatasının həm respublikaçı, həm də demokrat üzvləri iştirak ediblər.
Burada diqqət çəkən məqam odur ki, Respublikaçılar Partiyası ilə Demokratlar Partiyasının münasibətləri kəskin olsa da, hər iki palatadan eyni tərkibdə ölkəmizə səfər ediblər. Bu tərkibdə səfər həmişə olmur. Bu cür qarışıq nümayəndə heyətinin belə zamanda Azərbaycana gəlməsinin nə kimi bir mənası ola bilər?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-la Azərbaycan arasında münasibətlər ötən ilin 8 avqustundan bəri normal səviyyəyə qalxıb: “Prezident Tramp özü Azərbaycana münasibətdə yeni bir siyasi xətt həyata keçirir. Fikrimcə, Bakı ilə Vaşinqton arasında başlanan bu siyasi və digər sahələrdə əlaqələr növbəti mərhələdə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələnəcək. Bu, Azərbaycana verilən xüsusi önəmin göstəricisidir. Hər iki partiya ölkəmizin regionda necə strateji bir mövqedə yerləşdiyinin, ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyinin fərqindədir. Məhz ona görə də Konqresin təmsilçiləri Bakıya səfər edib. Demokratlar Partiyası da anlayır ki, Bakı ilə olan münasibətlərə dəyər vermək lazımdır. Həm də ona görə ki, yeni geosiyasi reallıqlar formalaşır. Belə bir şəraitdə ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini prioritet hesab edir. O cümlədən bu istiqamətdə öz rolunu genişləndirir”.
Vidadi ORDAHALLI