Firdovsi Şahbazov: “Xamneyi görür ki, baş verənlərin kökündə daha çox iqtisadi səbəblər dayanır”
İranın Ali Lideri Ayətullah Əli Xamneyi ölkədə etirazlara səbəb olan iqtisadi tələblərin qanuni olduğunu və hökumətin bu məsələləri həll etməyə çalışdığını bildirib.
İqtisadi tələblərin haqlı olduğunu bildirən Xamneyi rialın devalvasiyası və valyuta məzənnələrindəki qeyri-sabitliyin biznes mühitinə mənfi təsir etdiyini bildirib. Xamneyi tacirlərin şikayətlərinin haqlı olduğunu və bu məsələnin həlli üçün əsasən prezident Məsud Pazeşkian tərəfindən səylər göstərildiyini qeyd edib.
Maraqlıdır, Xamneyi niyə geri çəkildi? Əslində bununla o, Pezeşkinla eyni mövqeni tutdu.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Xamneyinin geri addım atması iqtisadi amillərlə bağlıdır: “Xamneyi görür ki, baş verənlərin kökündə daha çox iqtisadi səbəblər dayanır. Çünki İranda iqtisadi vəziyyət həqiqətən də çox pisdir. Deməzdim ki, bu, daha çox sanksiyalarla bağlıdır. Bəli, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların da rolu var. Ancaq bunun başlıca səbəbi neftin dünya bazar qiymətinin aşağı düşməsi ilə bağlıdır. İranın gəlirləri əsasən neft ixracı hesabına formalaşırdı. Həm neftin qiymətinin aşağı düşməsi, həm ölkədə bu sahə ilə bağlı infrastrukturun köhnəlməsi İranı ağır vəziyyətə salıb. Bu səbəbdən 85 milyon əhalisi olan ölkə çox ağır vəziyyətdədir. Gör nə vəziyyətdədirlər ki, İran böyük qaz ehtiyatlarına malik olsa da bunu çıxara bilmir. Ölkənin bir sıra vilayətlərində qaz yoxdur. Üstəlik, illərdir tətbiq edilən sanksiyalar da öz mənfi təsirini göstərməkdədir və bu səbəbdən ölkədə inflyasiya artmaqdadır”.
Vidadi ORDAHALLI