Son günlər İsrail siyasətinin gurultulu səhnəsində bir açıqlama xüsusi diqqət çəkdi. İsrailin Diaspora məsələləri və antisemitizmə qarşı mübarizə naziri Amichai Chikli Türkiyəni ölkəsi üçün “ən böyük təhlükə” adlandırdı. Bu sözlər təsadüfən deyilməmişdi - Qəzza müharibəsindən sonra Ankara ilə Təl-Əviv arasında onsuz da qızışmış siyasi hava bu bəyanatla bir qədər də ağırlaşdı.
Chikli-nin narahatlığına səbəb təkcə Türkiyənin sərt ritorikası deyil. Nazir iddia edir ki, Ankara Şimali Suriyada öz təsirini genişləndirir, orada yeni hərbi bazalar qurur və bəzi radikal qruplarla əlaqələr saxlayır. Onun dilindən səslənən ittihamlar sərtdir və bu sərtlik həm İsrail cəmiyyətində, həm də regionun siyasi üfüqlərində ciddi rezonans yaradıb.
İsrailin daxilində bu açıqlamaya verilən reaksiyalar da müxtəlif oldu. Bəziləri Chikli-nin sözlərini diplomatik çeviklikdən uzaq saydı, digərləri isə Türkiyənin bölgədə artan nüfuzunu həqiqi təhlükə kimi qəbul etdi. Nazir təkcə Suriyadakı proseslərə toxunmur, həm də Ərdoğanın siyasətini kəskin tənqid edir, onu Qərb üçün “etibarsız müttəfiq” adlandırır. O, hətta İsrailin Kipr, Yunanıstan və İtaliya ilə daha sıx əməkdaşlıq etməsi gərəkdiyini söyləyir və Türkiyənin diplomatik cəhətdən təcrid edilməsinin vacibliyini vurğulayır.
Belə bir fon yarananda sual öz-özünə doğulur: Azərbaycan bu iki ölkə arasında qalınlaşan kölgələrin təsirində seçim etmək zorunda qala bilərmi?
Cavab qısa və aydındır - bu ehtimal reallığa uyğun görünmür. Azərbaycan uzun illərdir həm Türkiyə, həm də İsrail ilə paralel və uğurlu əməkdaşlıq qurub. Türkiyə ilə münasibətlər qardaşlıq qədər səmimi, dövlətçilik qədər möhkəmdir. İsrail ilə əlaqələr isə enerji, təhlükəsizlik və texnologiya sahələrində praqmatik və qarşılıqlı faydalıdır. Bu iki xətt illərdir yan-yana uzanır və bir-birinə toxunmadan davam edir.
Üstəlik, İsrail və Türkiyənin birbaşa qarşıdurmaya gedəcəyi çox zəif ehtimal olunandır. Gərgin sözlər havada dalğalansa da, real siyasət çox vaxt sərt bəyanatlardan yumşaq nəticələr çıxarır. Həm Ankara, həm də Təl-Əviv regional oyun qaydalarını yaxşı bildikləri üçün qırmızı xətləri keçməyə meylli deyillər.
Azərbaycan isə hər iki tərəf üçün dəyərli tərəfdaşdır. Azərbaycan Türkiyə üçün strateji müttəfiq və qardaş ölkə, İsrail üçün enerji təhlükəsizliyinin açarı, Cənubi Qafqazda isə etibarlı dayaq nöqtəsidir. Bu səbəbdən, heç bir tərəf Bakıdan üz çevirməyə maraqlı deyil.
Gərginlik daha da artsa belə, Azərbaycan yenə öz diplomatik nizamını qoruyacaq. Danışıqlarda və simvolik jestlərdə Türkiyəyə dəstək davam edəcək, amma İsrail ilə əməkdaşlığın real mexanizmləri də pozulmayacaq. Lazım gəlsə, Bakı arxa planda, səssiz şəkildə vasitəçi rolunu belə oynaya bilər. Çünki həm Ankarada, həm Təl-Əvivdə Azərbaycanın sözü dinlənir.
Nəticə isə belədir ki, İsrail-Türkiyə münasibətlərində soyuq küləklər daha da sərtləşsə belə, Azərbaycan bu tufanın ortasında seçim etməyə məcbur qalmayacaq. Azərbaycan öz yolunu yaxşı bilir - balanslı, sakit və düşünülmüş siyasət. Bu yol həm regionun, həm də öz təhlükəsizliyinin ən etibarlı təminatıdır.
Akif NƏSİRLİ