Ermənistanda hakim rejimin istefası tələbilə aprelin 24-dən mütəmadi aksiyalar keçirməyə hazırlaşan "Müəssislər məclisi” təşkilatının qərargahında və fəallarının evlərində axtarışlar keçirilib, hərəkatın liderləri həbs olunub.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, çərşənbə axşamı səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin nümayəndələri çoxsaylı polis əməkdaşlarının müşayiətilə "Müəssislər məclisi” təşkilatının ofisinə və təşkilat rəhbərlərinin mənzillərinə baş çəkib. Ofisdən bütün sənədlər, təbliğat-təşviqat vasitələri və kompüterlər müsadirə edilib. Axtarış aparılan evlərdən də bütün kompüterlər aparılıb.
Ermənistan İstintaq Komitəsinin ilkin bəyanatında "Müəssislər məclisi” təşkilatının liderləri Jirayr Sefilyan, Varujan Avetisyan, Gevorq Safaryan, Pavel Manukyan və Qaregin Çuqaszyanın "24 aprel tarixində erməni soyqırımının 100 illiyinə həsr olunmuş kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq faktı üzrə icra edilən iş çərçivəsində” həbs edildikləri bildirilir.
Daha sonra təşkilatın Gümrü şəhəri bölməsinin rəhbəri Aram Hakobyanın da həbs olunduğu məlum olub. Onun evində axtarış zamanı 1 ədəd qumbara aşkar edilib.
O da bildirilir ki, həbs olunmuş təşkilatının üzvləri ciddi nəzarət altında saxlanır, onlara radioya qulaq asmaq və qəzet oxumaq qadağan edilib. Müxalifətçilərə yaxınları ilə telefon əlaqəsi yaratmaq da yasaqlanıb. Saxlananlardan bəzilərinin həbslərinə etiraz olaraq aclığa başladığı xəbər verilir.
Bir sıra müharibə iştirakçılarının təsis etdiyi daha əvvəl "Preparliament” adlanan "Müəssislər məclisi” aprelin 24-də hakimiyyət dəyişikliyi tələbilə fasiləsiz etiraz aksiyaları keçirməyə hazırlaşırdı. Təşkilatın fevralın 2-də "100 illik rejimsiz” şüarı altında Dağlıq Qarabağa "məlumatlandırma” avtoyürüşü Laçın ərazisində Qarabağ polisi və mülki geyimli şəxslər tərəfindən hücuma məruz qalmış, avtomaşınlara xeyli zərər vurulmuşdu.
Ötən ay isə təşkilatın Gümrü şəhərində rəsmən elan edilmiş mitinqinə "polisin fəaliyyətsizliyi şəraitində kriminal ünsürlər” tərəfindən əngəllər yaradılmış, hətta hərəkat fəallarından biri bıçaqlanmışdı.