İslam Dövləti qruplaşması (İD) tərəfindən qətlə yetirilmiş 1,700 İraq əsgərinin kütləvi məzarlığı Tikrit şəhərində aşkar edilib. Ərazi, keçmiş ABŞ hərbi bazasının yerləşdiyi Camp Speicher yaxınlığındadır.
İraqın məhkəmə tibbi ekspertizası şəhərin İD-dən azad edilməsinin ardından 12 məzarlığı qazmağa başlayıb. Bu hadisə İD-nin əsasən şiə əsgərlərin edamı ilə bağlı video və şəkilləri sosial mediada paylaşmasından sonra məlum idi. Xilas olanların sözlərinə görə, silahlılar əsgərləri öldürməzdən əvvəl şiə olduqlarını aşkarlamaq üçün onları dindiriblər.
Bir ay davam etmiş döyüşlərin ardından Tikritin İraq ordusu və şiə qüvvələrinin əlinə keçməsindən bir neçə gün sonra məzarlığın qazılmasına başlanılıb. Cəsədlər çıxarıldıqdan sonra kimliklərinin aşkarlanması üçün DNT analizləri həyata keçiriləcək. Bir çox ailələrə yaxınlarının ölümü ilə bağlı heç bir xəbər verilməyib.
"Biz ilk kütləvi məzarlığı bu gün qazdıq. İndiyə qədər ən azı 20 cəsəd aşkarlamışıq. İlkin əlamətlərə görə cəsədlərin Speicher qurbanlarına aid olduğu görünür,” - Xalid əl-Atbi bazar günü Reuters xəbər agentliyinə bildirib.
"Bu ürəkağrıdan mənzərə idi. Biz göz yaşlarımızı saxlaya bilmədik. Hansı vəhşi barbar 1,700 insanı soyuq qanla öldürə bilər?” - o əlavə edib.
Əsgərlərin qətli xəbərindən sonra şiə qüvvələri intiqam alacaqları ilə bağlı söz veriblər. Döyüşçülər keçən il İslam Dövlətinin irəliləməsinin qarşısını aldıqları üçün nüfuz qazanıblar, lakin özləri də müharibə cinayətlərində ittiham ediliblər.
Tikritin geri alınması ilə bağlı əməliyyat martın ikisində başlamış, hücumda təxminən 30,000 döyüşçü iştirak edib. Onlardan üçdə ikisi İran tərəfindən dəstəklənən şiə döyüşçülərdən ibarət Xalq Səfərbərliyini təmsil edir.