"Yalnız bir mövzu var ki, Putin onun açıqlanmasını təhlükəli sayır. Bu da onun qaranlıq şəxsi həyatıdır. Məndən Putin haqda soruşanda cavabım belə olur: Bunu onunla 30 il birgə yaşamış arvadından soruşun”. Bu açıqlamanın müəllifi "KQB”nin sabiq generalı Oleq Kaluqindir.
Onu Rusiyada vətənə xəyanət ittihamı ilə qiyabi olaraq 15 illiyinə həbs cəzasına məhkum ediblər və o hazırda ABŞ-da mühacir həyatı yaşayır.
Kaluqin Azadlıq Radiosuna müsahibəsində deyib ki, Londonda mühacir həyatı yaşamış sabiq "KQB” əməkdaşı Aleksandr Litvinenkonu Putinin şəxsi həyatının "görünməyən tərəfləri” haqda danışdığı üçün Rusiya kəşfiyyatı aradan götürüb: "O, Londonda yaşayanda mən ona zəng etdim və dedim ki, Putinin şəxsi həyatı haqda yazmağı məsləhət deyil. Amma artıq gec idi. Az sonra onu öldürdülər”.
Kaluqin deyir ki, Litvinenkonun aqibətini yaşamaqdan qorxmur, çünki onu "Putinin yaxın ətrafından olan bəzi insanlar himayə edir”.
Kaluqin deyir ki, Putinin 1998-ci ildə "FSB” - Federal Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilməsi qanun pozuntusu olub. Çünki Putin 1991-ci ildə "KQB”dən istefa verəndə mayor idi. "FSB”yə isə yalnız general rəhbər təyin edilə bilərdi.
O, iddia edir ki, 90-cı illərin sonunda baş prokuror Yury Skuratovun karyerasına son qoymuş sex videosunu da "FSB” hazırlayb. Çünki Skuratov Putinin hamisi, sonradan onu öz yerinə prezident qoyacaq Boris Yeltsinin ailəsi ilə əlaqəli korrupsiya faktlarını araşdırırdı.
Kaluqin onu da iddia edir ki, hakimiyyətyönlü siyasətçi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və mərhum Rusiya patriarxı 2-ci Aleksiy də "KQB” agenti olublar. Kaluqin Aleksiyin bunu ona özünün etiraf etdiyini iddia edib: "O mənə dedi ki, sovet dövründə pravoslav kilsəsini qorumağın başqa yolu yox idi”.