Aprelin 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
BŞBPİ-dən bildirilənə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
"Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.