ABŞ İranla nüvə razılaşmaları ilə bağlı İsraillə yanaşı ərəb müttəfiqlərini də razı sala bilmir. Belə ki, İranın nüvə proqramının nəzarət altına alınmasına dair çərçivə razılaşma əldə edildikdən sonra ABŞ prezidenti Barak Obama vəziyyəti izah etmək üçün Tehranın bölgədəki nüfuzunun artmasından narahat olan Səudiyyə kralından sonra daha dörd ərəb lideri ilə əlaqə saxlayıb.
Baki-xeber.com xəbər verir ki, Obama Səudiyyə, Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə telefon danışıqları zamanı onları razı salmağa çalışıb. Ağ Evin açıqlamasına görə, Obama liderlərlə görüşündə İranla əldə edilən çərçivə razılaşmasının detallarını müzakirə edib.
Ancaq Obamanın zənglərinə baxmayaraq, ərəb ölkələrinin İranın bölgədəki siyasətinə qarşı daha kəskin mövqe tutacaqları bildirilir.
"New York Times” qəzeti bununla bağlı Səudiyyə xəbər kanalı və internet saytı "El Arabiya”nın yazarlarından Cemal Khashogginin yazısına diqqət çəkir. Keçmiş hökumət məsləhətçisi olan səudiyyəli yazar ABŞ dəstək versin ya da verməsin Səudiyyə Ərəbistanının artıq öz maraqları çərçivəsində tək başına hərəkət edəcəyini yazır. Yazar "Kral Selman Doktrinası” adını verdiyi bu yeni yanaşmanın ilk nümunəsinin Yəməndəki Ərəb koalisiyasının əməliyyatında görüldüyünü bildirir.