Ukrayna prezidenti Petro Poroşenko iş adamı İqor Kolomoyskinin Dnepropetrovsk vilayəti başçısı vəzifəsindən istefası haqqında fərman imzalayıb. Bu barədə Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.
Baki-xeber.com xəbər verir ki, sənədi Poroşenko Kolomoyskinin xahişi ilə onunla şəxsi söhbəti zamanı imzaladığı bildirilir. "Biz sülh, sabitlik və sakitlik təmin etməliyik. Dnepropetrovsk diyarı Ukraynanın Şərqdə istehkamı qalaraq, vətəndaşların əmin-amanlığını qorumalıdır”, - Petro Poroşenkonu onun mətbuat xidməti iqtibas edir.
Fevral ayından Zaporojye vilayəti dövlət administrasiyasının başçısı vəzifəsini tutan Valentin Rezniçenko Dnepropetrovsk vilayət başçısı vəzifəsinin icraçısı təyin ediləcək.
"Forbes”ə görə 1,8 milyard dollarlıq sərvətə sahib Kolomoyski ölkənin ən güclü iş adamlarından biridir. Oliqarxın istefaya göndərilməsi neft nəhəngi Ukrnafta ətrafında baş verən qarşıdurma fonunda baş verdi. Martın 22-də gecə naməlum silahlı şəxslər tərəfindən Ukrafta neft şirkətinin mərkəzi ofisinə edilən basqından sonra milyarder iş adamı siyasi böhranla üzləşdi.
Ötən həftə, jurnalisti söyərək təhqir etdiyinə görə, oliqarxa töhmət elan edilmişdi. Qalmaqal 20 marta keçən gecə Kiyevdə "Ukrtransnafta” şirkətinin baş ofisi yanında baş verib. "Azadlıq Radiosu” jurnalistinin gecəyarısı ofisin yanında nə edir sualına Kolomoyski kobud ədəbsiz ifadələrlə cavab verib. Sonradan İqor Kolomoyski jurnalistlə kobud davrandığını etiraf edib, lakin ondan üzr istəmək niyyətində olmadığını bildirib: "Birinci dərəcəli dövlət qulluqçusu kimi belə rəftar etmək olmaz, bunu etiraf edirəm. Lakin konkret olaraq cənab Andruşkoya mən əl verməyəcəyəm və üzr də istəməyəcəyəm. Jurnalist aləmindən üzr istəyə bilərəm, amma ondan yox”.
Martın 19-da Ali Rada tərəfindən səhmdar cəmiyyətlər haqqında qanunda qəbul olunmuş düzəlişlər İqor Kolomoyskini energetika müəssisələri üzərində nəzarətdən məhrum edib. O, özünə aid "Ukrnaft” şirkətinə nəzarəti itirib.
Kolomoyski enerji, bank, media, aviasiya və metalurgiya da daxil olmaqla iqtisadiyyatın bütün sektorlarını nəzarəti altında saxlayan oliqarxlardan biridir. Son günlərə qədər "Ukrnafta”ya Kolomoyskinin yaxın ətrafı rəhbərlik edirdi.
Həmin gün "Ukrtransnafta” şirkətinin müşahidəçi şurası Kolomoyskinin yaxın adamı sayılan Aleksandr Lazorkonu şirkət rəhbərliyindən azad edib və onun yerinə Yuri Melniki təyin etmişdi. İqor Kolomoyski sözügedən sektorda maraqlarını qorumaq üçün silahlı adamlarla "Ukrtransnafta”ya gələrək şirkətin qeyri-qanuni ələ keçirildiyini və rəhbərin qeyri-qanuni azad edildiyini bəyan edib. O, Lazorkonun dərhal öz vəzifəsinə qaytarılmasını tələb edib. Bildirilir ki, Donetskin Volnovaxa qəsəbəsində hökumət qüvvələri ilə Kolomoyskinin silahlı adamları arasında qarşıdurma da yaranıb.
Kolomoyski bazar günü də binanın mühafizəçiləri ilə millət vəkili Mustafa Nayem arasında toqquşma zamanı Kiyevdə "Ukrtransnafta” şirkətinin ofisi yanında olub.
Bundan başqa, Ukrayna ordusuna bağlı birliklər bazar günü Volnovaxadakı nəzarət nöqtəsində qaçaqmal daşıdığı bildirilən 3 maşını saxlayıb. Bunun ardından Dnepropetrovsk valisi və iş adamı Kolomoyskinin nəzarətindəki Dnyepr-1 batalyonu ilə Ukrayna Təhlükəsizlik Xidmətinin prokuroru və səlahiyyətlisi hadisə yerinə gəlib. Tərəflər arasında mübahisə yaranıb. Bir müddət sonra Ukrayna Milli Briqadasının əsgəri, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Viktor Manzik güllələnərək öldürülüb. Hadisə ilə bağlı 11 nəfər həbs edilib.
Kolomoyski eyni zamanda Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların irəliləməsinə qarşı Kiyevin əsas müttəfiqlərindən biri olub. Ancaq indi onun Donetsk və Luqanskdakı separatçıları tanıdığı bildirilir, qeyd edilir ki, onun məhz bu hərəkət Poroşenkonu hərəkətə gətirib. Poroşenko bundan sonra qubernatorların silahlı birliklərinin olmayacağını bəyan edib. O, Ukrayna torpaqlarının təhlükəsizliyinin ordu tərəfindən təmin edildiyini vurğulayıb. Ukrayna mətbuatı Poroşenkonun bu sözlərlə əslində Kolomoyskini hədəf aldığını yazır.
Məhz bu hadisələrdən sonra Poroşenko İqor Kolomoyskini Dnepropetrovsk vilayəti başçısı vəzifəsindən azad edib.
Məlumatlara görə Ukrayna prezidenti Kolomoyskini istefaya göndərdikdən dərhal sonra onun silahlı adamlarını tərksilah etmək üçün ölkənin bütün güc strukturlarının iştirakı ilə bölgədə irimiqyaslı xüsusi əməliyyata başlamağı əmr edib.
"Mənim tapşırığım və əmrimlə Ukraynanın bütün güc strukturları ukraynalıları öldürən, lakin cəzasız qalan cinayətkar dəstələri yox etmək üçün irimiqyaslı xüsusi əməliyyata başlayıblar" – deyə prezident bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının qatillərini tapmaq və cəzalandırmaq şərəf məsələsidir.