Ukraynada Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski və müavini Vasili Stoyetski həbs olunub. Onlar Nazirlər Kabinetinin bu gün keçirilən iclası zamanı zalda qandallanıblar. Hər iki şəxs rüşvət almaqda ittiham olunur.
Baki-xeber.com xəbər verir ki, Ukrayna baş nazir Arseniy Yatsenyukun başçılıq etdiyi kabinet yığıncağında reallaşan həbs Ukrayna televiziyalarında canlı yayımlanıb.
Yatsenyuk çıxışında "Mənə daxili işlər naziri Arsen Avakov kabinetimizdə iki yüksək səviyyəli rəsminin rüşvətdə suçlandıqlarını söylədi. Birazdan hüquq-mühafizə orqanlarının əməkdaşları buraya gələrək onları həbs edəcək" – deyə bildirb. Ukrayna baş naziri hadisənin nümayiş ya da teatr olmadığını, ictimaiyyətin yaşananları yaxından görməsinin lazım olduğunu deyib.
Baş nazirin açıqlamasından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zala daxil olublar və Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskiyə qarşı ittihamı onların üzünə oxuyaraq qollarına qandal keçirib aparıblar.
Istintaq Komissiyasından isə bildirilir: "Sergey Boçokovski və birinci müavini Vasili Stoyetski Cinayət Məcəlləsinin 208-ci maddəsinə - Ukrayna xaricində qeyri-qanuni olaraq valyuta hesabları açmaq və ya istifadə etməyə görə həbs edilib. Onların ofislərində də araşdırma aparılır".
APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, Boçkovski və Stoyetski özəl şirkətlərdən süni olaraq yüksək göstərilən qiymətlərlə yanacaq alaraq, vəsait köçürülərkən həmin vəsaitin bir hissəsini öz şəxsi hesablarına keçirməkdə ittiham olunur. Daxili işlər naziri Arsen Avakov sxemin çox sadə olduğunu bildirib: "Bu sadə sxem çərçivəsində dövlət satınalmaları özəl şirkət vasitəsilə həyata keçirilir və həmin şirkət ödəmələri Cersi adasındakı ofşor şirkətə edir. Cersi adasından isə pullar Boçkovski və Stoyetskiyə məxsus digər özəl şirkətə gedir”.
Daxili işlər nazirin müşaviri Anton Geraşşenko Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və antiterror əməliyyatının ehtiyacları üçün nəzərdə tutulan yanacağın "Lukoyl” və "Alyans” şirkətlərindən şişirdilmiş qiymətlərlə alındığını söyləyib: "Bu vəsaitin 15-20%-i "otkat” kimi Boçkovski və Stoyetskinin Cersi adası və Kiprdəki hesablarına köçürülüb. DİN-in son 6 ay ərzində apardığı operatv-axtarış tədbirləri nəticəsində dövlət xidmətinin rəhbərliyi başda olmaqla, bütün korrupsiya vertikalını aşkarlamaq və sənədləşdirmək mümkün olub. Nazir Avakovun dediyi kimi, yüksək səviyyəli korrupsionerlərin kameralar qarşısında həbsi tamaşa deyil, hər kəs üçün bir növ peyvənddir ki, Ukrayna cəmiyyəti artıq bundan sonra hakimiyyət dairələrindəki korrupsionerlərə dözüm göstərməyəcək”.
Baş nazir Arseni Yasenyuk S. Boçkovski ilə bağlı olan firmaların hesablarındakı əməliyyatların izlənməsi üçün avropalı və amerikalı tərəfdaşlara müraciət edəcəyini bildirib.