Yəməndə üsyançı şiə Husi silahlıları ilə dövlət başçısı Abdurabbu Mənsur Hadiyə bağlı hökumət qüvvələri arasında qarşıdurmalar getdikcə şiddətlənir. Ölkənin yeni bir Suriya, Liviya və ya İraqa çevriləcəyi təhlükəsi var.
Baki-xeber.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən yığıncağında Hadiyə dəstək qərarı çıxarılıb, Husilərin hərəkətləri isə qınanıb. Qərarı şuranın 15 üzvünün hamısı dəstəkləyib. BMT-dəki Yəmən xüsusi nümayəndəsi Camal bin Ömər yığıncaqda "Yəməndəki hadisələr Suriya, İraq və Liviyada yaşananlara bənzəyir. Ölkə vətəndaş müharibəsi astanasındadır. BMT TŞ Yəməndə təcili olaraq bəzi addımlar atmalıdır" - deyə bildirib.
Şuranın qərarından əvvəl isə Yəmən xarici işlər naziri Riyad Yasin, Körfəz ölkələrinə Yəmənə hərbi müdaxilə etmələri ilə bağlı çağırışı edib. London mərkəzli Ərəb qəzeti "Şarku'l-Avsat”a danışan Yasin Körfəz Əməkdaşlıq Şurasından və BMT-dən Yəməndə uçuşa qapalı bölgə yaratmalarını və Husilərin nəzarətindəki hava limanlarından hərbi təyyarələrin qalxmasına mane olmağa çağırıb: "Körfəz Əməkdaşlıq Şurasının İranın dəstəklədiyi Husilərin irəliləməsini dayandırmaq üçün müdaxilə etməsini istəyirik".