İsrailin İranla 5+1 ölkələri arasındakı nüvə danışıqlarını gizli dinləyərək məlumat topladığı iddia edilir. Ancaq ABŞ-dan xəbərsiz iş görməkdə günahlandırılan İsrail "Wall Street Journal” qəzetinin ortaya atdığı bu iddianı təkzib edir.
Baki-xeber.com xəbər verir ki, "Wall Street Journal” danışan amerikalı rəsmilərə görə, İsrail İranla aparılan danışıqlarda ola biləcək hər hansı bir razılaşma əleyhinə məlumat toplamaq üçün casusluq fəaliyyətilə məşğuldur.
Anlaşmaya mane olmaq üçün əlindəki kəşfiyyat məlumatlarını ABŞ Konqresinin üzvlərinə sızdıran İsrailin danışıqları dinləməkdən başqa, ABŞ rəsmilərinin gizli müzakirələrini və Avropadakı diplomatik mənbələrdən məlumatlar əldə etdiyi bildirilir.
Məlumata görə, İsrailin casusluq fəaliyyəti Amerika kəşfiyyat xidmətinin israilli rəsmilərin öz aralarındakı danışıqları dinləməsilə ortaya çıxıb. ABŞ rəsmiləri israillilərin bir-birlərilə paylaşdıqları məlumatların İranla keçirilən qapalı müzakirələr xaricində başqa bir yerdən əldə etməyin mümkünsüz olduğunu düşünür.
Ağ Ev rəsmilərinin bu məlumatlardan keçən il xəbərdar olduğu bildirilən xəbərdə, ABŞ rəhbərliyinin İsrailin casusluğundan çox, məlumatları Konqres üzvlərinə sızdırmasına görə narazı qaldığı bildirilir.
Ancaq İsrail İranla ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları izlədiyi barədə xəbərləri təkzib edib. Netanyahu administrasiyasının yüksək rütbəli rəsmisi BBC-yə bu iddiaların tamamilə yanlış olduğunu deyib: "İsrail dövləti ABŞ və İsrailin digər müttəfiqləri əleyhinə kəşfiyyat aparmır”.
İsrail rəsmisi iddiaların ölkələr arasında "möhkəm əlaqələri” pozmaq məqsədinə xidmət etdiyini deyib.
ABŞ, Britaniya, Rusiya, Çin, Fransa və Almaniya nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan saziş əvəzində BMT sanksiyalarının qaldırılmasını təklif edir. Tehran isə nüvə silahı əldə etmək barədə ittihamları rədd edir və yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.
Sazişin imzalanması üçün ayrılan son müddət martın sonunda başa çatır.
İsrail İranın nüvə silahı əldə etməsindən xüsusilə narahatdır. Bu ayın əvvəlində İsrailin baş naziri danışıqlara etiraz edərək deyib ki, müzakirə olan saziş İranın bomba əldə etməsinə yol aça bilər.
Onu da qeyd edək ki, məqalə Ağ Ev və Netanyahu hökuməti arasında münasibətlərin sərinləşməsinə təsadüf edib.