Rusiya prezidenti Vladimir Putin qırğız həmkarı Almazbek Atambayevlə görüşüb. O, son dəfə martın 5-də, İtaliya baş naziri Matteo Renzi ilə görüşü zamanı ictimaiyyət qarşısına çıxıb.
Sankt-Peterburqdakı Konstantinov sarayında keçirilən danışıqlar iki saatlıq gecikmə ilə başlayıb.
Rusiya prezidenti sağlamlığı haqqında yayılan məlumatlara da aydınlıq gətirib. Putin deyib ki, şayiələrsiz darıxdırıcı olur.
Bir neçə gün əvvəl KİV-lər bildirirdi ki, Putinin xəstələndiyi ehtimal olunur, çünki bir neçə gündür ictimaiyyətə görünmür. Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin xəstəliyi haqqında xəbəri təkzib etmişdi. Daha sonra Peskov bildirmişdi ki, prezident özünü yaxşı hiss edir.
Bu arada Putin Rusiyanın hərbi dəniz donanmasını tam döyüş hazırlığı vəziyyətinə gətirməsi barədə xəbərlər yayılıb. Arktikada donanma böyük hərbi təlimlərin bir hissəsi kimi səfərbər olunub. Rusiya deyir ki, donanma təlimlərinə 56 hərbi gəmi, təyyarə və 38 000 hərbi heyət cəlb olunub.
Müdafiə naziri Sergey Şoyqu deyib ki, təlimlərdə Şimal Donanması, havadan zərbə birləşmələri və qərb hərbi dairəsinin zirehli birləşmələri iştirak edir.
Təlimlər NATO və Rusiya arasında şərqi Ukraynada Rusiyanın hərbi iştirakı ilə əlaqədar gərginliyin olduğu vaxtda baş verir. NATO etnik rus azlıqlarının yaşadığı üç Baltik ölkəsinə əlavə qoşunlar göndərib.