Ukraynanın şərqində 100-dən çox Almaniya vətəndaşının Rusiyameylli separatçıların tərəfində döyüşdüyü bildirilir. Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniyanın "Welt am Sonntag” qəzeti təhlükəsizlik qurumlarına istinadən məlumat yayıb.
Məlumata qeyd olunur ki, , Ukraynada daxili müharibəyə almanlar da qoşulub. Separatçılarla birlikdə Ukraynaya qarşı döyüşən bu şəxslərin əksəriyyətinin keçmişdə Almaniya ordusunda xidmət etmiş Rusiya almanları olduğu bildirilir.
Qəzetin məlumatına görə, fevralın 12-də Debalsevedəki qarşıdurmalarda 33 yaşlı bir Alman-Kazak vətəndaşı həlak olub. Yaxınlarının verdiyi məlumatlara görə, qəlpə yarasından ölən həmin şəxs fevralın 25-də Moskvada dəfn edilib.
"Welt am Sonntag” qəzetinə açıqlama verən Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniyada "döyüş turizmini” sərt tənqid edib. Melnik bir neçə gün əvvəl Almaniya Daxili və Xarici İşlər nazirliklərindən alman vətəndaşlarının Ukraynanın şərqinə getməsinə və cinayətkarlara qoşulmasına mane olmalarını tələb etdiklərini bildirib: "Almaniya rəhbərliyi vətəndaşlarının Ukraynanın şərqinə gedib cinayətkarlara qoşulmasını əngəlləməlidir".
Almaniya Daxili İşlər Nazirliyi də alman vətəndaşlarının Şərqi Ukraynada döyüşdüyünü təsdiqləyir. Nazirlik sözçüsü bildirib ki, belə bir fakt aşkarlanarsa dərhal "səyahəti maneə törədəcək ya da çətinləşdirəcək tədbirlər görüləcək".
İŞİD tərəflərində vuruşanların əksinə Şərqi Ukraynada döyüşən Almaniya vətəndaşları haqqında heç bir cəza nəzərdə tutulmur. Xristian İctimai Birlik Partiyasından Stephan Mayer isə bildirib ki, bununla bağlı qanunda dəyişikliklər edilməlidir: "Əgər almanlar vuruşmaq üçün qaynar nöqtələrə gedirsə onların terror təşkilatı qurmaq cəzası ilə cəzalandırılması lazımdır".
Mayer ikili vətəndaşlığı olanların da Almaniya vətəndaşlığının ləğv edilməsini təklif edib.