Rusiya prezidenti Vladimir Putinlə əlaqədar mətbuatda son günlər tez-tez iddiaların yer alması diqqət çəkir. Xəstələndiyi, adına Kremldə məscid inşa ediləcəyi iddialarının ardınca onun müsəlman olması barədə də xəbərlər yayılıb.
Baki-xeber.com xəbər verir ki, Ukrayna böhranına görə, Qərb ölkələrilə soyuq münasibətləri olan Putinlə əlaqədar son iddia isə "yeni bir uşağının olması" ilə əlaqədardır.
Öncə onu qeyd edək ki, bir neçə gündür Putinin xəstə olması və bu səbəbdən görünməməsi barədə xəbərlər dolaşır. Putin bir həftə ərzində ictimaiyyət qarşısına çıxmayıb və iki gün əvvəl Qazaxıstana planlaşdırılmış səfərini ləğv edib.
Ancaq cümə günü Putin Novo-Oqaryevo iqamətgahında Ali Məhkəmənin sədri Vyaçeslav Lebedevlə görüş keçirib və görüşü əks etdirən fotoşəkil Rusiya prezident administrasiyasının saytında yerləşdirilib. Novo-Oqaryevo görüşündən kadrlar televiziya ilə də nümayiş etdirilib.
Prezidentin mətbuat xidməti Vladimir Putinin xəstəliyilə bağlı məlumatları təkzib edərkən dövlət başçısının əsasən "qeyri-rəsmi görüşlər” formatında fəal işlədiyini bildirib. Bundan əvvəl Dmitri Peskov, Vladimir Putinin xəstəliyi və "Rosneft” şirkəti rəhbəri İqor Seçinin istefası barədə məlumatları "yaz kəskinləşməsi" kimi dəyərləndirib.
"Yazda Günəş çıxan kimi, yazın ətiri gələn kimi, xəstəliklər başlayır”, - Peskovun sözlərindən TASS agentliyi iqtibas gətirir. - Kiminsə xəyalına Seçinin, kiminsə hökumətin istefası gəlir. Kimsə bir neçə gündür ki, televiziyada prezident Putini görmür. Biz bu kəskinləşmələrə rahat yanaşırıq, verilən sualları təmkinlə cavablandırırıq”.
Cümə günü Kreml Vladimir Putinin martın 16-da Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəcəyini bildirib. Kremlin saytı Sankt Peterburq şəhərində keçəcək görüşdə "Qırğızıstanın Avrasiya İttifaqına qoşulması kontekstində Rusiya-Qırğızıstan əməkdaşlığı” ilə bağlı mühüm məqamların müzakirə ediləcəyini bildirir.
Sonuncu dəfə belə bir müddət ərzində Vladimir Putini 2012-ci ildə görməyiblər. O zaman prezidentin sənədlərlə işlədiyini bildiriblər. Hərçənd ki, bir qədər keçmiş Dmitri Peskov prezidentin bel ağrılarından əziyyət çəkdiyini deyib. Bəzi gümanlara əsasən Putin belini durnalarla məşhur uçuşu zamanı zədələmişdir. Hərçənd ki, Belarus prezidenti Aleksandr Lukaşenko ağrılara səbəb olan zədənin cüdo ilə məşq vaxtı yarandığını bildirmişdi.
Yuxarıda qeyd etdiyimiz kimi Putinlə əlaqədar ortaya atılan son iddia isə onun "yeni bir uşağının olması" ilə əlaqədardır. İsveçrənin «Blick» bulvar qəzeti Putinlə münasibətlərinin olduğu bildirilən Alina Kabayevanın İsveçrədə Ticino kantonunda yerləşən Sorengodakı klinikaların birində qız övladı dünyaya gətirməsi barədə xəbər yayıb.
Yazının başlığı belədir - "Bu qız”. Qəzet yazıb ki, Kabayevanın Sorengoda olmasını Ticinonun yarısı danışır və onu burada dəfələrlə görüblər.
"Vladimir Putinin rəfiqəsi” Alina Kabayevanın Ticinoda olması barədə almandilli «Blick» qəzetindən başqa, İsveçrənin fransız və italyan dilli mətbuat orqanları da yazıb.
Putinin ata olması iddiaları ilə əlaqədar Kremlin sözçüsü Dmitri Peskova da sual ünvanlanıb. Xəbərləri təkzib edən Peskov, "Putinin uşağının olması ilə bağlı iddialar doğru deyil" – deyə bildirib. Xəbərə sərt reaksiya verən Peskov daha sonra bildirib: "Mən pulu olan insanların ən axmaq yalan xəbər mövzusunda bir yarış təşkil etmələrini təklif edirəm".
Rusiya prezidenti Putin həyat yoldaşı Lyudmila ilə 2013-cü ilin iyununda boşandıqlarını açıqlamışdı. Putinin keçmiş həyat yoldaşından Mariya və Yekaterina adında iki qızı var. Putin qızlarının ictimaiyyətdə görünməsini istəmir.