Uzun illərdir “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” toponiminin qeyd olunması ictimaiyyət arasında tənqidlərə səbəb olurdu. Dərslik müəllifləri isə ermənilərin “Artsax” kimi təhrif etdiyi “Ərsak” toponiminin qədim türk sözü olduğunu deyərək tənqidləri əsassız adlandırırdılar.
Bir neçə gündür ki, sosial şəbəkələrdə tanınmış şəxslər yenidən mövzunu gündəmə gətirib.
Qeyd edək ki, Azərbaycan tarixçilərinin əsaslandırmalarına görə, qədim dövrlərdə Qarabağın ərazisinə daxil olan vilayətlərdən biri Arsak (Arsaq, Ərsaq (k) ) olub və ermənilər Qarabağ sözünü erməniləşdirə bilmədikləri üçün “Arsak” sözünü saxtalaşdıraraq onu “Artsax”a çeviriblər.
Maraqlıdır,”Artsax”, yoxsa “Ərsak” olmalıdır?
“Ərsak”ın əvvəlinə “a”, ortasına “t”, sonuna isə “x” əlavə etməklə saxtalaşdırdılar, guya erməniləşdirdilər”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Ərsak”ı erməniləşdirmək mümkün deyil. “Artsax" sözünün mənşəyi "Ərsak" sözündən götürülüb. Ermənilər "Ərsak" sözünü saxtalaşdıra bilmədiklərindən onun formasını dəyişib "Artsax" kimi təqdim edirlər: “Ərsak" türk mənşəli sözdür. Ermənilər bu sözü təhrif edib. 1991-ci ildə Dağlıq Qarabağda elan etdikləri qondarma respublikanın adına “Qarabağ” deyə bilməzdilər. Dünyaya bu sözün etimologiyası, erməniyə aid olmadığı məlum idi. Ona görə də daha az bilinən “Ərsak”ın əvvəlinə “a”, ortasına “t”, sonuna isə “x” əlavə etməklə saxtalaşdırdılar, guya erməniləşdirdilər. Ancaq bunu hansı formaya salırlar salsınlar, orda “sak” sözü var. Bu səbəbdən də onu erməniləşdirmək mümkün deyil”.
Həmsöhbətimizin sözlərinə görə, eramızın əvvəllərində Azərbaycan Albaniyası ayrı-ayrı vilayətlərə bölünmüşdü. Bu vilayətlərdən böyüyü “Ərsak” idi: “Danılmaz faktdır ki, ermənilər tarixən saxtakarlıqla məşğul olublar. Ermənilər “Arsak” sözünü onları cəlb etdiyi üçün saxtalaşdırmayıblar, sadəcə, Qarabağ sözünü dəyişdirə bilmədikləri üçün “Arsak” sözünə əl atıblar və yalnız sözün bir neçə hərfini dəyişə biliblər. Onlar heç bu sözün mənasını, tarixini, mənşəyini bilmirlər, sadəcə, son hərfi dəyişməklə onu “erməniləşdirməyə” cəhd ediblər”.
Günel CƏLİLOVA