Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) və Çeçenistan prezidenti Ramzan Kadırovun adamları arasında açıq döyüş başlayıb. Bu iddia ilə Ukrayna parlamentinin Petro Poroşenko blokundan olan millət vəkili Vadim Denisenko çıxış edib.
Baki-xeber.com xəbər verir ki, Ukraynanın Espreso.tv televiziya kanalına açıqlama verən Denisenko, Moskvada öldürülən Rusiyanın məşhur müxalif lideri Boris Nemtsovun, sözügedən savaşın qurbanı olduğunu bildirib.
Rusiyanın müxalif liderlərindən biri olan Aleksey Navalnıy və Nemtsov cinayəti ilə bağlı araşdırma aparan Rusiyanın "Novaya Qazeta” qəzetinin məlumatlarına görə, Nemtsov cinayətini Ramzan Kadırova çox yaxın şəxs olan Ruslan Qermeyev sifariş verib. Qəzet yazır ki, ötən həftənin sonunda hüquq-mühafizə orqanları prezident Vladimir Putinə Ruslan adlı şəxs haqqında məruzə ediblər: "Bundan başqa, qətlin təşkilatçıları və icraçılarının adları prezidentə təqdim olunub. Qatil heç də Dadayev deyil”.
Nəşr bildirir ki, Ruslanın kimliyi DİN, FTB və İstintaq Komitəsinə məlumdur: "Onun soyadı bizə də məlumdur, lakin təqsirsizlik prezumpsiyası baxımından onu yazmırıq".
Qəzet Ruslanın da Z. Dadayev kimi Çeçenistandakı "Şimal" batalyonunda qulluq etdiyini yazıb: "O, dəfələrlə mükafatlandırılıb". Qeyd olunub ki, Ruslan son vaxtlar Moskvaya köçüb.
Denisenko isə bildirir ki, bu fakta əsaslanaraq, FTB və Kadırovun adamları arasında böyük müharibənin başladığını və bunun Nemtsov cinayətinin səbəbi olduğunu demək olar.
Denisenko, "Novaya Qazeta”ya istinad edərək, müxalif Mixail Xodorkovski, Kseniya Sobçak və digər müxalif nümayəndələrin "qara siyahı”da olduğunu iddia edib.
"Novaya Qazeta”da yer alan iddialara görə, Rusiya dövlət başçısı Vladimir Putinə Nemtsovun öldürülməsilə əlaqədar hesabat təqdim edilib və hesabatda cinayəti təşkil edən adamın adı da yer alıb. Qəzetə görə, Putinə Rusiyada hədəfdə olan başqa müxalif liderlərin adlarının olduğu "ölüm siyahısı” da təqdim edilib.
Təhlükəsizlik qurumlarının və kəşfiyyat hesabatlarının açıqlanmasının mümkünsüz olduğunu deyən Kremlin sözçüsü Dmitri Peskov, "Mən təqdim edilən hesabatların detallarını bilmirəm. Rus siyasətçi və jurnalistlərin adlarının olduğu siyahıdan söhbət gedir. Bu xəbərlərin hamısı yalandır..." – deyə bildirib.