Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev etiraf ifadəsindən imtina edib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə "Moskovskiy komsomolets” nəşri məlumat yayıb.
Qeyd edək ki, "Moskovskiy komsomolets”in müxbiri ictimai müşahidə komissiyasının tərkibində cinayət işi üzrə həbs olunmuş Zaur Dadayev ilə görüşdə iştirak edib.
Zaur Dadayevin Nemtsovun qətli ilə bağlı etiraf ifadəsi verməsi barədə Basman məhkəməsinin sədri Natalya Muşnikova onun barəsində həbs hökmünü elan edərkən bildirib. Dadayevin özü isə məhkəmədə Nemtsovun qətli ilə əlaqəli olmasına dair sualı şərh etməyib.
"Dəfələrlə "Sən Nemtsovu öldürdün?” deyə qışqırırdılar. Mən "xeyr” cavabı verirdim. Saxlanan an mənimlə yaxın yoldaşım, keçmiş əməkdaşım Ruslan Yusupov olub. Və onlar etiraf ifadəsi verəcəyim təqdirdə onu buraxacaqlarını vəd etdilər. Mən razılaşdım. Düşündüm ki, onu xilas edərəm, məni isə sağ-salamat Moskvaya aparacaqlar və mən orada məhkəməyə günahsız olduğunu, həqiqəti deyəcəm. Lakin hakim mənə söz vermədi”, deyə Dadayev bildirib.
Dadayev qətllə heç bir əlaqəsi olmadığını təsdiqləyə biləcək şahidin olduğunu qeyd edib: "Kim mənim günahsız olduğunu təsdiqləyər? Yeri gəlmişkən mənimlə həmçinin Əli Matiyev də olub. O bunu təsdiqləyə bilər. Amma, o haradadır?”, deyə Dadayev bildirib.
İctimai müşahidə komissiyasının nümayəndələri istintaq təcridxanasında Boris Nemtsovun qətlində şübhəli bilinən daha 2 şəxslə - Anzor bə Şaqit Qubaşev qardaşları ilə də görüşüb. Şaqit Qubaşev də, öz növbəsində, ona qarşı güc tətbiq edildiyini və qətllə heç bir əlaqəsi olmadığını bildirib.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Dadayevin bədənində döyülmə izləri müəyyən edilib. Zaur Dadayev İctimai Nəzarət Komissiyası üzvlərinə onunla qəddar rəftar edildiyini bildirib, bədənində - qol və ayaqlarında qandal və zəncir izlərini göstərib.
Daha əvvəl istintaq nümayəndələri Zaur Dadayevin artıq cinayəti etiraf etdiyini bəyan etmişdilər, lakin hüquq müdafiəçilərinə o, müxalifətçini öldürmədiyini bildirib. Həmçinin, Dadayevin fevralın 28-nə kimi "Sever” batalyonunun tərkibində olduğu aydın olub. Bundan başqa, çərşənbə axşamı məlumat yayılmışdı ki, qatillərin Nemtsovu hələ ötən il payızdan güddükləri ehtimal olunur.
Hüquq müdafiəçiləri istintaq təcridxanasında əsaslı yoxlama keçirmək tələbilə Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru, İstintaq Komitəsinin rəhbəri və Rusiya baş prokuroruna müraciət göndəriblər.
Onlar, həmçinin, tibbi müayinə və məhkəmə-tibbi ekspertiza təşkil etmək, eləcə də Nemtsovun qətlə yetirilməsi işi ilə bağlı həbs olunan Qubaşev qardaşları və Dadayevin şəxsi toxunulmazlığı və təhlükəsizliyinin təmin olunmasını təklif ediblər.
Şübhəli bilinən şəxslərlə görüşən İNK üzvləri "vizual müşahidədən sonra” onların bədənində "çoxsaylı qançır və hematoma, zədələr" aşkar edərək sənədləşdiriblər.
Bu arada o da məlum olub ki, Zaur Dadayev Rusiya DİN daxili qoşunların sıralarından bu il istefa verib. Bu barədə Rusiya DİN daxili qoşunların Şimali Qafqaz regionu üzrə komandirinin birinci müavini İqor Qrudnov bildirib.
"Onun raportu təmin olunub. O, 2015-ci il üzrə yanvarın 27-dən fevralın 28-dək 30 sutkalıq məzuniyyətdə olub. Məzuniyyətdən qayıtdıqda müəyyən olunmuş qaydada xidmətdən azad edilib və hərbi hissənin siyahısından xaric olunub”, deyə Qrudnov qeyd edib.
Bütün bunlarla yanaşı, sui-qəsdin arxasında kimin olduğu istiqamətində müzakirələr də davam edir. Nemtsovun yaxın ətrafı məşhur müxalifətçinin cinayət planının arxasında başqa şəxslərin olmadığına dair iddianın həqiqəti əks etdirmədiyini iddia edir.
Nemtsovun liderlərindən olduğu Parnas Partiyasından İlya Yaşin, Mixail Kasynov və vəkili Vadim Poroxorov Nemtsovun sifarişlə öldürdüyündə israr edir.
Yaşin "Nemtsovun siyasi fəalyiyyətinə görə öldürüldüyündən əminəm. Cinayəti sifariş edən şəxslər iqtidarla əlaqəli ola bilər. Nemtsovun Çeçenistanda fərdi düşmənləri yox idi" – deyə bildirib.
Həbs olunan şübhəlilərin cinayətin gerçək tətikçiləri olduğuna inandığını ifadə edən Yaşin "Dadayevin, cinayəti özlərinin planlaşdırdıqlarını deməsinin arxasında sui-qəsdi sifariş edən şəxsləri gizləmək cəhdi yatır. Istintaq komitəsi cinayəti sifariş edən şəxslərin axtarışını davam etdirməlidir" – deyə qeyd edir.