Qars-Naxçıvan layihələri regional dövlətlərarası prosesləri necə dəyişəcək...

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edib, İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar. Daha sonra Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb.
Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin təkbətək görüşündən sonra Azərbaycan və Türkiyə arasında sənədlər imzalanıb.
Birgə layihələr regional dövlətlərarası prosesləri necə dəyişəcək?
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra Zəngəzur dəhlizinin açılması gündəmə gəlib: “Bu isə o deməkdir ki, qərb rayonları ilə Naxçıvan arasında quru yolla birbaşa kommunikasiya qurulur. Həmçinin Azərbaycan ilə Türkiyə arasında yeni bir quru yolu marşrutu yaranır. Naxçıvan həm də Türkiyənin Türk dünyasına açılan qapısıdır. Otuz ildən çoxdur ki, Naxçıvan blokada vəziyyətindədir. Muxtar respublikaya elektrik enerjisi və “mavi yanacaq” İran tərəfindən verilir. Naxçıvan kimi strateji bölgənin blokadada saxlanılması, eyni mənbədən elektrik enerjisi və təbii qaz alması enerji təhlükəsizliyinin təmin edilməsində bir sıra problemlər yaradır. İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.
Razılaşmaya uyğun olaraq Şərqi Anadolu təbii qaz xəttindən ayrılan İğdır təbii qaz kəmərinin davamı olaraq Naxçıvana qədər 85 kilometrlik yeni boru xətti çəkiləcək. İllik nəqletmə gücü 500 milyon kubmetr olacaq boru kəməri istifadəyə veriləndən sonra Naxçıvanın bütün təbii qaz tələbatını ödəyəcək.
Qars-Naxçıvan dəmir yolunun inşası barədə danışarkən Prezident İlham Əliyev bununla bağlı imzalanan niyyət protokolunu tarixi hadisə adlandırdı. Qeyd etdi ki, bu layihə uğurla həyata keçiriləcək və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün qarşılıqlı şəkildə atılan addımların müsbət nəticələri əhəmiyyətli dərəcədə artıb. İki qardaş ölkə arasındakı münasibətlər heç zaman indiki səviyyədə olmayıb”.
Prezident İlham Əliyev bildirib ki, Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”.
Məhəmmədəli QƏRİBLİ