Bir müddətdir iqtisadi böhranla üz-üzə qalan Yunanıstan Avropanı İŞİD-lə təhdid edib. Baki-xeber.com xəbər verir ki, Yunanıstan müdafiə naziri Panos Kammenos, ölkəsinin iqtisadi böhranına çarə tapılmazsa, ölkədəki miqrantların Avropa paytaxtlarına getmələrinə icazə verəcəkləri barədə xəbərdarlıq edib.
Nazir bu miqrantlar arasında İŞİD dəstəkçilərinin ola biləcəyini də qeyd edib: "Avropa Birliyi Yunanıstana zərbə vurursa, bilməlidirlər ki, Dublin razılaşmasını dərhal təxirə salarıq və qaçaqlar sənədlərini alaraq Berlinə gedə bilərlər. Onların bəziləri IŞİD-i dəstəkləyir, bunun məsuliyyətini isə Avropa daşıyır".
Avropaya sərt xəbərdarlıq edən Kammenos eyni zamanda hakim partiya Syriza ilə koalisiyada olan Müstəqil Yunanlar Partiyasının lideridir. Buna bənzər açıqlamalar əvvəl də Yunan rəsmilər tərəfindən dilə gətirilmişdi...
Xarici işlər naziri Nikos Kotzias Riqadaki Avropa Birliyi xarici işlər nazirləri konfransında, yunan iqtisadiyyatı çöksə, islamçı yaraqlıların Avropaya axın edə biləcəyini bildirmişdi.
Mülki müdafiə nazirinin müavini Yannis Panousis də "Miqrantların Yunanıstandan ayrıla bilməsi üçün Şengen razılaşması bəlkə də Afina tərəfindən təxirə salınmalıdır" kimi fikirlər səsləndirmişdi.