Rusiya dövlət televiziyası "Rossiya1” Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı sənədli film hazırlayıb. Filmdə, Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar maraqlı faktlar açıqlanıb.
Baki-xeber.com xəbər verir ki, "Krım, Eve Dönüş" adlı sənədli filmdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın devrilmiş lideri Viktor Yanukoviçin azad edilməsi və Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar işlərin başladılması əmrini verib. O, Krımı ilhaq etmək planının hazırlanması barədə göstərişi yarımadada referendum keçirilməsindən həftələr öncə verdiyini ilk dəfə olaraq etiraf edib.
Rus rejissor Andrey Kondraşovun hazırladığı sənədli filmdə, Putin, kəşfiyyat xidməti və xüsusi təhlükəsizlik işçiləri ilə səhər saat 07: 00-a qədər iclas keçirdiyini və Yanukoviçi öldürülməkdən qurtardıqlarını bildirib.
Kiyevdə başlayan nümayişlərin sonunda Yanukoviçin yaşamasına icazə verməyəcəklərini anladığını deyən Putin, "fevral ayının 22-dən 23-nə keçən gecə Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi rəsmilərini Kremlə çağırdım. Ukrayna prezidentinin həyatını qurtarmalarını istədim. Onu birbaşa Donetskdən dəniz, hava və quru yolla qurtarmaq üçün hazırlıqlara başladıq. Yığıncaq səhər saat 07: 00-da tamamlandı. Sonra da Krımın Rusiyaya birləşdirilməsi üçün işlərə başlamalarını istədim..." – deyə bildirib.
Putinin əmrinin ardından şəxsiyyəti bilinməyən silahlılar Krım parlamenti və digər ictimai binaları ələ keçirdi. Krımda reallaşan hərbi əməliyyat əvvəlcə gizli saxlanıldı və əsgərlərin Rusiya ilə əlaqəli olmadığı, yerli silahlılar olduğu iddia edildi. Ancaq sonradan Kreml, bölgədə qan axmasını önləmək üçün müdaxilə etdiklərini etiraf etdi.
Rusiya təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə Yanukoviç, Rusiyanın Rostov şəhərinə gətirildi.
Krımın ilhaq edilməsi təqvimi
- 22 fevral, keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç zorakı etirazlardan sonra Kievi tərk edir.
- 23 fevral, Rusiya prezidenti Vladimir Putin Yanukoviçin xilas edilməsini və Krımın ilhaqını planlaşdırır.
- 27 fevral, rusiyapərəst silahlılar Krımda parlament binası və digər mühüm obyektləri ələ keçirirlər.
- 28 fevral, naməlum hərbi geyimli əsgərlər Krımda iki aeroportu nəzarət altına götürürlər.
- 1 mart, Rusiya parlamenti prezident Putinə Ukraynada hərbi qüvvələrdən istifadə etmək icazəsi verir.
- 16 mart, referendumda səs verənlərin 97 faizi Krımın Rusiyaya birləşməsini dəstəkləyir.
- 18 mart, prezident Putin Krımın Rusiya Federasiyasına birləşməsi barədə fərmanı imzalayır.