Rusiyada məşhur müxalif lider Boris Nemtsovun öldürülməsinin əks-sədaları davam edərkən ortaya yeni iddialar da atılır. Baki-xeber.com xəbər verir ki, Putin əleyhdarı çıxışları ilə tanınan məşhur aparıcı Kseniya Sobçakın, "Sonrakı hədəf mənəm" açıqlaması müzakirə edildiyi bir vaxtda, başqa yeni bir iddia da gündəmə gətirilib.
Rusiya mətbuatında, Nemtsov sui-qəsdindən əvvəl son dəfə yayımlanan müxalif "Exo Moskvı” (Moskvanın Səsi) radiosunun baş redaktoru Aleksey Venediktovun (Fotoşəkildə sağda), Nemtsovu öldürən qatillərin növbəti hədəfi olduğu iddia edilir.
"Moskovski Komsomolets” qəzetinin xəbərinə görə, Venediktov istintaqı aparan prokurorluq rəsmiləri ilə görüşdükdən dərhal sonra Rusiyanı tərk edib.
Hələ bir müddət əvvəl çeçen lider Ramzan Kadırov bildirmişdi ki, Exo Moskvı radiosunun baş redaktoru Aleksey Venediktov Charlie Hebdo karikaturalarının dərc edilib-edilməməsi məsələsilə bağlı sorğu keçirdiyinə görə "məsuliyyətə cəlb olunmalıdır".
Buna görə Boris Nemtsov Kadırovu Rusiya Cinayət Məcəlləsini pozaraq jurnalistlərin fəaliyyətinə əngəl törətməkdə ittiham etmişdi: "Ramzanın hədələri hamını boğaza yığıb, lakin o əmindir ki, prezident Putin heç kimə ona dəyməyə imkan verməz".
Qeyd edək ki, Kseniya Sobçak Nemtsovun cənazəsində çıxışı zamanı, "Kim olduğunu bilmədiyim bir kişi mənə yaxınlaşaraq, sonrakı hədəfin mənim olduğumu söylədi" deyərək təhdid edildiyini bildirmişdi.