Ukraynanın şərqində başlayan müharibədən sonra Gürcüstanla Rusiya arasında münasibət pisləşib. Bunu parlamentin spikeri Davit Usupaşvili «Azadlıq» radiosuna müsahibəsində bildirib.
Onun dediyinə görə, Tbilisi ilə Moskvanın münasibətləri «pisdən daha pisə doğru» gedib. O, Ukraynada baş verənləri 2008-ci ildə Gürcüstan olaylarına bənzədib.
Rusiya və Gürcüstan 2008-ci ildə 6 günlük müharibədən sonra diplomatik əlaqələri formal olaraq dayandırıb. 2012-ci ilin dekabrından bəri ölkələr ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün danışıqlar aparır.
D.Usupaşvili deyib ki, danışıqlar və ticarət münasibətləri Rusiyanın aqressiv davranışını dəyişmir. Onun fikrincə, yalnız kənar təzyiq Rusiyanın davranışına təsir edə bilər.